Paşinyan: Sülh və əməkdaşlıq təhlükəsizliyin ən yaxşı təminatıdır

Paşinyan: Sülh və əməkdaşlıq təhlükəsizliyin ən yaxşı təminatıdır

11 Mart 2026

Azərbaycanla bərqərar edilmiş sülh Ermənistana Aİ ilə əməkdaşlığı, o cümlədən infrastruktur layihələri sahəsində daha da genişləndirmək imkanı verir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda jurnalistlərin suallarına cavab verərkən bildirib.

"Təhlükəsizlik haqqında danışarkən insanlar adətən bunu silah və sursat, ordu və xüsusi xidmətlər, əməliyyatlar və sair kimi başa düşürlər. Və çox uzun müddət ərzində, 30 il ərzində bizdə belə bir təsəvvür olub. Ermənistanda da təhlükəsizlik zəmanətləri haqqında çox danışırlar. Mənim üçün indi aydındır ki, yeganə təhlükəsizlik zəmanəti sülhdür, ondan daha etibarlı zəmanət yoxdur", - o, Ermənistanın təhlükəsizliyi barədə suala cavab verərkən belə deyib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətinin ikinci səviyyəsi əməkdaşlıq, qarşılıqlı asılılıq, iqtisadi əməkdaşlıq və qarşılıqlı mənfəətdir.

Ermənistan Baş naziri əlavə edib ki, hazırda Ermənistanın ABŞ və bir sıra Avropa ölkələri ilə geniş hərbi-texniki əməkdaşlığı var ki, bu, əvvəllər heç vaxt olmayıb.

"Bununla belə, vəziyyətin dəyişməsi və ordunun inkişafının hər bir suveren ölkənin vəzifəsi olduğunun dərk edilməsi ilə əlaqədar təhlükəsizlik anlayışı dəyişir, hərbi deyil, daha çox siyasi və diplomatik xarakter alır. Buna görə də ordu Ermənistan üçün təhlükəsizlik aləti deyil, sülhün əsas alətləri - əməkdaşlıq, qarşılıqlı fəaliyyət və sair - işləmədiyi təqdirdə ehtiyatdır", - Paşinyan vurğulayıb.