Təhsil eksperti: Buraxılış imtahanları daha sadə və balanslı olmalıdır
Son günlər geniş müzakirələrə səbəb olan buraxılış imtahanlarının çətinliyi ilə bağlı məsələyə təhsil eksperti Ramin Nurəliyev "NAXÇIVANXƏBƏRLƏRİ"-ndə şərh verib.
"Bu narazılıqların əsas səbəbi buraxılış imtahanının ümumi olaraq son iki ildə keçirilən buraxılış imtahanından çətin olmasıdır" deyən ekspert abituriyentlərin imtahan zamanı yaşadığı vaxt məhdudiyyəti və sualların çətinliyi məsələsini izah edib:
"Xüsusilə Azərbaycan dili fənni üzrə sualların, daha dəqiq desək, qrammatika suallarının çətinliyi diqqət çəkir. Bundan əlavə, yarım səhifə həcmində təqdim olunan mətnlər və həmin mətnə aid 10 sualın verilməsi abituriyentlərin vaxt baxımından ciddi çətinlik yaşamasına səbəb olur. Belə bir mətnin oxunması və suallara cavab verilməsi bəzən 15–20 dəqiqə vaxt aparır ki, bu da ümumi imtahan müddətində şagirdlərin digər suallara kifayət qədər vaxt ayıra bilməməsinə gətirib çıxarır.
Riyaziyyat imtahanında da bəzi tapşırıqların həlli üçün kifayət qədər çox vaxt tələb olunduğu bildirilib.
Bu kimi hallar, istər-istəməz, ümumi olaraq narahatlıq törədir, ictimaiyyət və müəllim heyəti tərəfindən ciddi bir şəkildə sualların çətinliyi ilə bağlı fikirlər formalaşdırır.
Suallar içərisində asan suallar da var, bunu da etiraf etmək lazımdır, amma asan suallarla yanaşı çətin suallar da var. Yəni, məsələn, Azərbaycan dilində bir neçə sual var ki, abituriyentlər müəyyən sualları başa düşsələr belə, onların həlli üçün 3–5 dəqiqə sərf etməli olurlar".
Təhsil eksperti buraxılış imtahanlarının sadə keçirilməsinin zərurətini vurğulayıb:
"Buraxılış imtahanı sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanı deyil. Buraxılış imtahanı ümumiyyətlə sadə keçirilməlidir. Çünki buraxılış imtahanında kolleclərə müraciət edən abituriyentlər də olur. Buraxılış imtahanının nəticəsinə əsasən kolleclərə müraciət edirlər. Bununla yanaşı, buraxılış imtahanında 5-ci ixtisas qrupunun abituriyentləri də iştirak edir. Bu qrupa musiqi, idman, rəsm, dizayn, aktyorluq və digər yaradıcılıq sahələrinə hazırlaşan gənclər daxildir. Uşaq illərlə müəyyən bir sahə üzrə — məsələn, idman və ya musiqi üzrə hazırlaşır. Gəlib musiqi akademiyasına və ya idman akademiyasına qəbul olmaq istədikdə isə buraxılış imtahanında müvafiq bal toplaya bilmədiyi təqdirdə ali təhsil müəssisəsinə qəbul olunmur və nəticədə arzusu yarımçıq qalır. Halbuki bu uşağın məqsədi iqtisadiyyat və ya digər ixtisaslar deyil, məhz musiqi və ya idman sahəsidir. Bu sahələr üzrə qəbul olmaq üçün isə əsasən qabiliyyət imtahanı önəmlidir. Buraxılış imtahanı sadəcə həmin abituriyentin müəyyən minimal bal toplayaraq qabiliyyət imtahanına qatılmasına imkan verməlidir.
Amma 5-ci ixtisas qrupunun abituriyentləri digər ixtisas qrupları ilə eyni çərçivədə qiymətləndirildikdə, təbii olaraq onlar kifayət qədər bal toplaya bilmirlər. Hesab edirəm ki, buraxılış imtahanı bu qədər çətin olmamalıdır. Suallar yorucu və vaxt aparan olmamalıdır.
Əgər ikinci ixtisas qrupunun blok imtahanında riyaziyyat çətinləşdirilirsə və ya üçüncü ixtisas qrupunun blok imtahanında Azərbaycan tarixi çətinləşdirilirsə, bu artıq ayrı mövzudur. Amma buraxılış imtahanı belə olmamalıdır".
Həmçinin o qeyd edib ki, buraxılış imtahanı şagirdlərin attestat qiymətlərinə də müəyyən qədər təsir göstərir. Bu baxımdan sual hazırlayan müəllimlərin daha diqqətli olması vacibdir.
"Artıq bu il üçün, mən deyərdim ki, bəlkə də gecdir. Çünki ayın 15-də keçiriləcək buraxılış imtahanının sualları artıq hazırdır və bu mərhələdə dəyişiklik etmək mümkün deyil. Üstəlik, bunu dəyişmək də doğru olmaz. Çünki eyni buraxılış imtahanının bir mərhələsinin asan, digərinin isə çətin olması arzuolunan deyil. Amma düşünürəm ki, növbəti illərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı, qarşıda keçiriləcək blok imtahanlarında da mövcud çətinlik nəzərə alınaraq müəyyən sadələşdirmə aparılması məqsədəuyğun olardı".
Müsahib imtahanların çətinləşdirilməsinin təsirlərindən danışıb:
"Sualların çətin olması bizə heç nə qazandırmır, əksinə, abituriyentlərin topladığı ballar aşağı düşür. Ballar aşağı düşdükdə isə ixtisasların qəbul balları da aşağı görünür. Məsələn, inşaat mühəndisliyi kimi bir ixtisasın qəbul balının 220 bal görünməsi anormaldır. Eyni hal bəzi pedaqoji ixtisaslarda da müşahidə olunur: 230, 250 və ya 280 bal kimi göstəricilər ortaya çıxır.
Əgər suallar daha balanslı və daha anlaşıqlı şəkildə tərtib olunsa, şagirdlər imtahanlara daha həvəslə hazırlaşar, arzularının reallaşa biləcəyinə daha çox inanarlar. Yüksək bal toplayan uşaqların ailələrində də əhval-ruhiyyə daha yaxşı olar, onların psixoloji vəziyyəti daha sağlam olar. Amma suallar çətin olduqda tez-tez görürük ki, imtahandan çıxan şagirdlər göz yaşı içində olur, valideynlər məyusluq yaşayır. Bu isə cəmiyyətdə xoş təəssürat formalaşdırmır".
Beynəlxalq təcrübəyə nəzər salan ekspert qəbul imtahanlarının təşkili məsələsinə yenidən baxılmasının vacibliyini vurğulayıb:
"Qəbul imtahanlarının təşkili məsələsinə də yenidən baxılmalıdır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bir sıra inkişaf etmiş ölkələrdə buraxılış imtahanının nəticəsi ilə universitetə qəbul prosesi bir-birindən ayrılır. Məsələn, Almaniyada, Finlandiyada, Kanadada və ABŞ-ın bəzi ştatlarında belə yanaşmalar tətbiq olunur. ABŞ-da isə universitetə qəbul üçün əsasən SAT imtahanı nəzərə alınır, bəzi hallarda isə attestat nəticələri də qəbul prosesində rol oynayır. Bizdə isə 5–6 fənn üzrə imtahan keçirilir və üstəlik bu imtahanlar getdikcə çətinləşdirilir. Hesab edirəm ki, bu yanaşma tam doğru deyil. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin məsul şəxsləri bu məsələdən nəticə çıxararaq növbəti illərdə imtahanların çətinlik səviyyəsinə yenidən baxarlar".
O, həmçinin qeyd edib ki, son illərdə imtahan suallarının beynəlxalq qiymətləndirmə modellərinə uyğunlaşdırıldığı bildirilir. Lakin ekspert düşünür ki, Azərbaycan təhsil sistemi hələ bu səviyyəyə tam çatmayıb.
"Hazırda belə bir yanaşma da hiss olunur ki, Dövlət İmtahan Mərkəzinin markerləri və ya ekspertləri sual hazırlayarkən daha çox abituriyenti çətin vəziyyətə salacaq məqamları nəzərə alırlar. Halbuki qiymətləndirmə sisteminin inkişafı üçün tətbiq olunan yeni yanaşmaların məktəblərdəki tədris metodları ilə uyğunluğu da nəzərə alınmalıdır. Orta ümumtəhsil məktəblərində tədris prosesi hansı səviyyədədirsə, suallar da həmin səviyyəyə uyğun hazırlanmalıdır", – deyə o əlavə edib.
Ramin Nurəliyev həmçinin imtahan proqramındakı çətinliklərə toxunub:
"İmtahan suallarının səviyyəsinin məktəb proqramından daha yüksək olması ilə bağlı fikirlərlə müəyyən qədər razılaşmaq olar. Ümumiyyətlə, qəbul imtahanlarının sualları məktəb proqramına əsaslanır və proqramdan kənara çıxılmır. Amma səviyyə baxımından məktəbdə öyrədilən materialdan daha çətin olması halları müşahidə olunur. Məsələn, deyək ki, feil mövzusu məktəbdə 7-ci sinifdə keçilir. Qəbul imtahanında bu mövzu 7-ci sinif səviyyəsinə uyğun şəkildə verilməlidir. Amma bəzən görürük ki, suallar 7-ci sinif səviyyəsində deyil, sanki 11-ci sinif səviyyəsinə uyğun tərtib olunur. Bu kimi çətinliklər imtahan suallarında öz əksini tapır. Əgər orta ümumtəhsil məktəblərində ümumi vəziyyət arzuolunan səviyyədə deyilsə və ya tədris prosesində müəyyən problemlər mövcuddursa, bu amillər nəzərə alınmalıdır".
Ekspert imtahan suallarının tərtib edilmə qaydasının yenidən nəzərdən keçirilməsini diqqətə çatdırıb:
"Tədris prosesi hansı vəziyyətdədirsə, şagirdlərin hazırlıq səviyyəsi necədirsə, bütün bunlar analiz olunaraq imtahan sualları tərtib edilməlidir. Bu baxımdan hesab edirəm ki, imtahanlar daha çox sadə və anlaşıqlı olmalı, həddindən artıq çətin olmamalıdır. Əgər imtahanlarda analitik və məntiqi düşüncəni yoxlayan, eləcə də açıq tipli sualların sayı artırılarsa, bunun qiymətləndirməyə təsiri məsələsinə də diqqət yetirmək lazımdır. Ümumiyyətlə, açıq tipli sualların sayının çox və ya az olması əsas məsələ deyil. Burada əsas amil sualların keyfiyyətidir. Yəni sualın açıq və ya qapalı olması, mətn əsaslı olması həlledici deyil. Əsas olan sualın keyfiyyətidir. Sualın nə qədər vaxt aparması, çətinlik səviyyəsi, bir sualda neçə məzmunun soruşulması və neçə mövzunun əhatə olunması da mühüm rol oynayır. Bəzən bir sualda 5–6 müxtəlif məzmun soruşulur və eyni zamanda 3–4 mövzu birləşdirilir. Bu isə təbii olaraq çətin sual hesab olunur. Belə sualların sayı çox olduqda isə imtahan zamanı tələb olunan vaxt da artır".
Mütəxəssis buraxılış imtahanlarının çətinlik səviyyəsinin mərhələlər (zonalar) üzrə dəyişməsi məsələsinə açıqlıq gətirib:
"Əvvəllər Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını üç fərqli tarixdə keçirirdi. Son illərdə isə bu say iki tarixə endirilib və imtahanlar iki mərhələdə keçirilir. İmtahanların fərqli tarixlərdə keçirilməsi isə müəyyən narahatlıqlar yaradır. Çünki bəzən belə fikirlər səslənir ki, bir bölgədə suallar daha asan, digər bölgədə isə daha çətin olur. Bu yanaşma şagirdlər arasında da, müəllimlər arasında da müzakirələrə səbəb olur. Variantlar dəyişdirilsə belə, yenə də müəyyən narazılıqların yaranması qaçılmaz olur. Dövlət İmtahan Mərkəzi bu məsələdə mümkün qədər bərabərliyi qorumağa çalışsa da, tam şəkildə bütün narazılıqları aradan qaldırmaq çətin olur. Gələcəkdə buraxılış imtahanlarının həm daha ədalətli, həm də real bilikləri əks etdirən qiymətləndirmə sisteminə çevrilməsi üçün müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, ilk növbədə buraxılış imtahanları sadələşdirilməlidir".
Müsahibəni hazırladı:
Nəzrin Umay








