Sədr: Naxçıvanda bütün elektron dövlət satınalmaları vahid platformaya inteqrasiya olunub
Fevralın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Dövlət satınalmaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirlə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, 2024-cü ildən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi iqtisadi münasibətlərdə şəffaflığın və rəqabətin güclənməsinə mühüm töhfə verib. Onun sözlərinə görə, yeni qanun yerli sahibkarlıq subyektlərinin bazara çıxış imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib.
Sədr qeyd edib ki, 2025-ci ildə ölkə üzrə 19 min dövlət satınalma proseduru keçirilib.
Satınalmaların ümumi maliyyə həcmi 10,8 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 10 faiz artım deməkdir. Ötən il müsabiqələr üzrə orta iştirakçı sayının 3,5 olması isə rəqabətli mühitin daha da möhkəmləndiyini və sahibkarlıq subyektlərinin satınalma proseslərinə marağının artdığını göstərir.
Elnur Bağırov çıxışında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı çərçivəsində görülən işlərə də toxunub. O bildirib ki, dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası ilə bağlı təkliflər hazırlanaraq müzakirələr aparılıb.
Agentliyin sədri əlavə edib ki, 2023-cü il ərzində satınalma sahəsində şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları və satınalan təşkilatlar üçün təlimlər təşkil olunub. Təlimlər zamanı vahid portalın istifadəsi və yeni qanunun tətbiqi ilə bağlı praktiki izahlar verilib.
"Görülən tədbirlərin nəticəsi olaraq, 2024-cü ildən etibarən muxtar respublikada həyata keçirilən bütün elektron dövlət satınalmalarının vahid platforma üzərindən icrası tam şəkildə təmin olunub", - deyə Agentliyin sədri qeyd edib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








