Pərvin Həsənov: Naxçıvanda 1000-dən artıq abidə üzrə iş aparılaraq dövlət mühafizəsinə daxil edilməsi nəzərdə tutulub
2025-ci ilin mart və dekabr aylarında Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları və digər mütəxəssislərlə birlikdə Naxçıvan şəhərində yerləşən tarix-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə bir sıra abidələrə baxış keçirilib. Həmçinin nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisindəki arxeoloji abidələrdə qazıntı və kəşfiyyat işlərinin aparılması nəzarətdə saxlanılmışdır.
Naxçıvan şəhərində yerləşən XVIII əsrə aid İsmayıl xan hamamının bərpa və konservasiyası, habelə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması məqsədilə layihələndirmə işləri başa çatdırılıb.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov bildirib.
Nazirlik əməkdaşı əlavə edib ki, muxtar respublika ərazisində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi və qeydiyyata alınması məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyənləşdirilməsi və siyahıya alınması üzrə İşçi Qrupu yaradılıb. İşçi qrup tərəfindən abidələrin inventarizasiyası aparılıb, mövcud siyahıya əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Layihəyə əsasən, muxtar respublikada 1000-dən artıq abidə üzrə iş aparılaraq onların dövlət mühafizəsinə götürülmüş abidələr siyahısına daxil edilməsi nəzərdə tutulub.
Müsahib, Prezident sərəncamının icrası çərçivəsində görülən işlər barədə də məlumat verib:
"Prezidentin Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı sərəncamının icrası çərçivəsində Avstriyanın 'Atelier Erich Pummer GmbH' şirkəti ilə müqavilə imzalanıb və işlərə başlanılıb".
Həmçinin o qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Sərşəhər məscidi və Ordubad mədrəsəsinin bərpa-konservasiya layihələri yekunlaşdırılıb, Ərbabın evində isə bərpa işləri davam etdirilir.
Müsahibəni hazırladı:
Nəzrin Umay








