Naxçıvanda incəsənət məktəb və mərkəzlərinə qəbul elan olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu üçün müraciət elan olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçiriləcək. Qəbul üçün müraciətlər 16 fevral – 18 mart 2026-cı il tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.
Qəbul prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
• müraciət
• qabiliyyət qiymətləndirilməsi
• ixtisas və məktəb seçimi
• yerləşdirmə və sənəd qəbulu
İmtahanların konkret tarixləri və keçirilmə məkanı barədə məlumat namizədlərə şəxsi kabinet, elektron poçt və SMS bildiriş xidməti vasitəsilə təqdim ediləcək.
Qəbul aşağıdakı istiqamətlər üzrə aparılır:
• musiqi
• rəssamlıq
• xoreoqrafiya
Namizədlər elektron müraciət zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayon) seçə bilərlər.
I sinfə qəbul üzrə yaş hədləri (dövlət sifarişli yerlərə)
7 illik təhsil üzrə:
• fortepiano və simli alətlər sinfi: 6–8 yaş
5 illik təhsil üzrə:
• xalq çalğı, simli və nəfəs alətləri sinfi: 9–12 yaş
• xanəndəlik və vokal 7–11 yaş
• xoreoqrafiya: 6–10 yaş
4 illik təhsil üzrə:
• rəssamlıq: 8–12 yaş








