Loqoped: Telefon və təhlükəli oyunlar uşaqların nitq və psixi inkişafına mənfi təsir göstərir

Loqoped: Telefon və təhlükəli oyunlar uşaqların nitq və psixi inkişafına mənfi təsir göstərir

15 Fevral 2026

Müasir dövrdə telefon və planşetlər uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin xüsusilə təhlükəli və zorakılıq elementləri olan oyunlar onların həm psixoloji, həm də nitq inkişafına ciddi təsir göstərir.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Qüsursuz Nitq Mərkəzinin direktoru, loqoped Leyla Kərim bildirib.

Onun sözlərinə görə, loqopedik praktikada telefondan həddindən artıq istifadə edən uşaqlarda gecikmiş nitq inkişafı, səslərin düzgün tələffüz olunmaması və kommunikativ çətinliklər daha çox müşahidə olunur:

“Valideynlər tez-tez uşağın danışığında ləngimə, söz ehtiyatının zəifliyi və ünsiyyət qurmaqda çətinliklərlə bağlı müraciət edirlər. Bu halların bir qismi nəzarətsiz və uzunmüddətli ekran istifadəsi ilə bağlıdır”.

Leyla Kərim qeyd edib ki, psixoloji baxımdan təhlükəli və zorakılıq səhnələri olan oyunlar uşağın emosional vəziyyətinə mənfi təsir göstərir. Bu cür oyunlar qorxu, təşviş və gərginlik yaradır, nəticədə uşaq daha aqressiv, əsəbi və narahat olur.

“Bəzi hallarda uşaqlar oyundakı davranışları real həyatda təqlid etməyə başlayırlar. Özünə zərər vermə tapşırıqları olan, qorxu və manipulyasiya əsaslı, zorakılıq və ölüm səhnələri ilə zəngin oyunlar uşaqlarda və yeniyetmələrdə ciddi problemlər yarada bilər”, deyə o vurğulayıb.

Mütəxəssis bildirib ki, yaxın zamanda məktəbdə baş vermiş silahlı insident kimi hadisələr bu mövzuya daha həssas yanaşmağın vacibliyini göstərir.

Loqoped və psixoloq kimi əsas məqsədlərinin uşaqların sağlam nitq və psixi inkişafını təmin etmək olduğunu deyən Leyla Kərim valideynlərə bir sıra tövsiyələr də verib. O, uşaqların telefon istifadə müddətinin məhdudlaşdırılmasını, yaşa uyğun oyunların seçilməsini, valideyn-övlad ünsiyyətinin artırılmasını, kitab oxumağa və canlı oyunlara üstünlük verilməsini vacib hesab etdiyini diqqətə çatdırıb.

Müsahibəni hazırladı:

Mətin Kamal