Ötən il Naxçıvanda 638 elektron imza sertifikatı hazırlanıb
Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron imzadan istifadə sahəsində müsbət dinamika müşahidə olunur.
Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Etibar Əjdərov deyib. O, qeyd edib ki, 2025-ci il ərzində qanunvericiliyə uyğun olaraq 638 elektron imza sertifikatı hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
Onun sözlərinə görə, 2020–2025-ci illər ərzində muxtar respublika üzrə ümumilikdə 3544 elektron imza sertifikatı hazırlanaraq istifadəyə verilib.
Etibar Əjdərov qeyd edib ki, muxtar respublikada SİMA rəqəmsal imzadan istifadə də artıb. Elektron xidmətlərdən yararlanan işçi və işəgötürənlər əmək müqavilələrini artıq yalnız digər gücləndirilmiş elektron imzalarla deyil, eyni zamanda SİMA rəqəmsal imza vasitəsilə də imzalaya bilirlər.
Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə atılan addımlar elektron xidmətlərin əlçatanlığını genişləndirir və rəqəmsal mühitdə sənədləşmə prosesini daha operativ və təhlükəsiz edir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









