Nizami Gəncəvinin 800 il əvvəl arzuladığı və yazdıqları bu gün də aktualdırsa...

Nizami Gəncəvinin 800 il əvvəl arzuladığı və yazdıqları bu gün də aktualdırsa...

13 Fevral 2026

Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, fikirləri zaman və məkan çərçivəsinə sığmayan Nizami Gəncəvi hələ XII əsrdə insanlıq, ədalət, dövlət idarəçiliyi, elm, əxlaq və sevgi haqqında elə dərin fikirlər irəli sürmüşdür ki, bu gün də həmin düşüncələr öz aktuallığını qoruyub saxlayır. Bu fakt iki cür yozula bilər. Bir tərəfdən bu, Nizaminin dahiliyinin və fikirlərinin ümumbəşəri xarakter daşımasının göstəricisidir,  digər tərəfdən isə 800 il əvvəl yazılanlar bu gün də dəyişmədən aktualdırsa, biz nə dərəcədə inkişaf etmişik?

Nizami Gəncəvi əsərlərində rüşvəti, zülmü, haqsızlığı kəskin tənqid edir, elmin və savadın cəmiyyətin inkişafında əsas rol oynadığını bildirirdi. Təəssüf ki, bu problemlərin bir qismi bu gün də cəmiyyət üçün aktual olaraq qalır. Əgər 800 il əvvəl səsləndirilən ədalət, dürüstlük və mənəviyyat çağırışları hələ də həllini tam tapmayıbsa, deməli, insanlıq olaraq mənəvi inkişafımız arzu olunan səviyyədə deyil.

İnkişaf yalnız texnologiya və iqtisadi göstəricilərlə ölçülmür. Şübhəsiz ki, bunlar inkişafın vacib göstəriciləridir. Lakin xalqın həqiqi inkişafı yalnız maddi və texniki nailiyyətlərlə məhdudlaşmır. Mənəvi dəyərlər, təhsil səviyyəsi, sosial ədalət, mədəni irsə münasibət və insan amili də bu anlayışın ayrılmaz hissəsidir.

Əslində, Nizaminin fikirlərinin bu gün də aktual olması bizim geri qalmağımızdan çox, insan təbiətinin dəyişməzliyini göstərir. Ədalətə, sevgiyə, mərhəmətə, elmə ehtiyac hər dövrdə var. Texnologiya inkişaf edə bilər, şəhərlər böyüyə bilər, amma insanın mənəvi dəyərlərə ehtiyacı dəyişmir. Bu baxımdan Nizaminin ideyaları zaman və məkan çərçivəsini aşaraq ümumbəşəri xarakter almışdır.

Nizaminin hələ XII əsrdə utopik şəkildə də olsa, təsvir etdiyi azad cəmiyyət, onun idarəetmə prinsipləri, sosial ədalət, hökmdar-rəiyyət münasibətləri müasir baxışlar və görüşlərlə bir çox məqamlarda üst-üstə düşür. Şairə görə, müstəqil, güclü və uzunömürlü dövlətin möhkəmliyinin başlıca şərti onu idarə edənlərin uzaqgörənliyindən və ədalətindən asılıdır. Nizami ədaləti, onun tələb və şərtlərinə əməl edilməsini, xalqa insanpərvər münasibəti və insan haqlarına hörmətlə yanaşılmasını dövlətlərin möhkəmliyinin mühüm amillərindən biri hesab edirdi. Nizami Gəncəvi öz əsərlərində təkcə poetik gözəllik yaratmamış, həm də dərin ictimai-fəlsəfi və hüquqi ideyalar irəli sürmüşdür. Onun təsvir etdiyi ideal cəmiyyət ədalətə, mərhəmətə, elmin və ağlın üstünlüyünə əsaslanırdı. Nizami yaradıcılığı dönəminin Azərbaycan gerçəkliyinin və mənliyinin bədii ensiklopediyası sayılır. O dövrdə feodal münasibətlərin, müharibələrin, çörək və istiqlal uğrunda qarşısıalınmaz mübarizələrin, saray intriqalarının hökm sürdüyü bir zamanda belə bir cəmiyyət modeli əlbəttə ki, utopik görünə bilərdi. Əgər bu düşüncə 800 il əvvəl utopiya sayılırdısa, bu gün texnologiyanın zirvəyə çatdığı, insan hüquqlarının bəyannamələrlə qorunduğu bir dövrdə  hələ də ona nail olmamaq nə ilə izah olunur?

Nizaminin ideal cəmiyyətində hökmdar ədalətli, xalq isə savadlı və mənəviyyatlıdır. “Sirlər xəzinəsi” və “İsgəndərnamə” kimi əsərlərində o, hakimiyyətin güc deyil, məsuliyyət olduğunu vurğulayır. Ədalət dövlətin təməli kimi təqdim olunur. Əgər ədalət yoxdursa, nə qanun, nə sərvət, nə də güc cəmiyyəti ayaqda saxlaya bilər. Bu ideya bu gün də aktuallığını qoruyur. Müasir dünyada hüquqi sistemlər inkişaf etsə də, sosial bərabərsizlik, müharibələr, korrupsiya və ayrı-seçkilik hələ də mövcuddur.

Bəs 800 il sonra belə bir cəmiyyət qura bilməmək nə sayılmalıdır? Bəlkə də bu, texnoloji tərəqqinin mənəvi inkişafla ayaqlaşmamasının nəticəsidir. İnsan kosmosa çıxmağı bacardı, süni intellekt yaratdı, amma ədaləti və vicdanı hər zaman üstün tuta bilmədi. Maddi inkişaf sürətlə getsə də, mənəvi kamillik eyni templə irəliləmədi. Nizami isə məhz insanın daxili aləmini əsas götürürdü. Onun üçün ideal cəmiyyət fərdlərin mənəvi kamilliyindən başlayırdı. Digər tərəfdən, ideal cəmiyyət anlayışı özü bəlkə də heç vaxt tam reallaşa bilməyən bir hədəfdir. O, daha çox istiqamət göstərən bir mayak kimidir. Cəmiyyətlər dəyişir, dəyərlər yenilənir, amma ədalət, mərhəmət və ağıl kimi prinsiplər daim aktual qalır. Bu baxımdan, Nizaminin ideyalarına tam nail olmamaq bəlkə də məğlubiyyət deyil, davam edən bir imtahandır. İnsanlıq hər dövrdə bu imtahan qarşısında aciz qalır.

Nizami Gəncəvinin ideal cəmiyyəti 800 il əvvəl utopiya sayılsa da, bu gün də onun aktuallığını itirməməsi düşündürücüdür. Ona nail olmamaq isə bəlkə də insanın hələ də öz mənəvi potensialını tam dərk etməməsinin göstəricisidir.

Nizaminin XII əsrdə arzuladığı və təbliğ etdiyi ədalət və hüquq bu gün Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Avropa İnsan Hüquqları Konvensiyasının  təməl prinsiplərini təşkil edir.

Əsl inkişaf da ədalətli, savadlı və mənəviyyatlı cəmiyyət qurmaqla mümkündür.

Əlövsət HÜSEYNQULİYEV 

AŞPA üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyinin Prezidentinin müşaviri