Münhendə Ermənistan konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması qabardılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən paneldə Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib.
Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.








