Qədim Ordubadın dünyada tanınan irsi
Azərbaycanın qədim şəhərlərindən biri olan Ordubad İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Bu barədə qərar Özbəkistanının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib. Növbəti mərhələdə Mədəniyyət Nazirliyi nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparacaq. Bu qərar şəhərin zəngin tarixi-memarlıq irsinin, mədəni ənənələrinin və urbanistik quruluşunun beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. ICESCO-nun İlkin Siyahısı İslam dünyası üçün xüsusi əhəmiyyət daşıyan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması və gələcəkdə əsas irs siyahısına daxil edilməsi məqsədi daşıyır. Qədim Ordubad şəhərinin bu siyahıya salınması onun tarixi kimliyinin və mədəni dəyərinin yüksək qiymətləndirilməsi deməkdir.
Ordubad Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri kimi zəngin tarixə malikdir. Şəhər orta əsrlər dövründə mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Onun ən səciyyəvi xüsusiyyətlərindən biri özünəməxsus məhəllə sistemidir. Tarixi məhəllələr dar küçələr, daş evlər, həyət tipli yaşayış binaları və dini-memarlıq abidələri ilə fərqlənir. Şəhərdə qorunub saxlanılan məscidlər, hamamlar, karvansaralar və yaşayış evləri Azərbaycan memarlıq ənənələrinin nadir nümunələrindəndir. Ordubad evlərinin plan quruluşu, daş işləmələri və daxili həyət sistemi regionun iqlim və sosial xüsusiyyətlərinə uyğun formalaşıb. Ordubad yalnız memarlıq baxımından deyil, həm də mədəni və təbii irsi ilə seçilir. Şəhər qədim bağçılıq ənənələri, xüsusilə meyvəçilik mədəniyyəti ilə tanınır. Ətraf dağlıq landşaft və təbii mühit şəhərin tarixi siması ilə vəhdət təşkil edir. Bu xüsusiyyətlər Ordubadı həm mədəni turizm, həm də ekoturizm baxımından cəlbedici edir.
1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib. Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il müvafiq Sərəncamı ilə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Sərəncamda da qeyd edilib ki, Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.
Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi tarixi irsin beynəlxalq səviyyədə tanıdılması, abidələrin qorunması və bərpası üçün əlavə imkanların yaranması, şəhərin turizm potensialının artması, gənc nəslin milli-mədəni dəyərlərə marağının güclənməsi baxımından mühümü əhəmiyyət kəsb edir.
Ramil NƏBİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








