İqtisadiyyat Nazirliyində Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib -

İqtisadiyyat Nazirliyində Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib - FOTO

13 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadi vəziyyəti, investisiya mühiti, sənaye, kənd təsərrüfatı, nəqliyyat və enerji potensialı barədə qarşı tərəfə məlumat verilib. 1 yanvar 2026-cı il tarixindən muxtar respublikada vergi, gömrük və sosial sığorta güzəştlərinin tətbiq olunduğu diqqətə çatdırılıb, Avropa İttifaqına üzv ölkələrin investorlarının bu imkanlardan faydalana biləcəyi vurğulanıb. Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının Avropa və Asiya arasında həyata keçirilən yükdaşımalarda vacib yer tutacağına əminlik ifadə olunub.

Mariyana Kuyundziç Naxçıvan Muxtar Respublikasına səfərinin onda xoş təəssürat yaratdığını və buradakı biznes imkanlarının Avropa İttifaqına üzv ölkələrin iş adamlarına çatdırılması istiqamətində tədbirlər görülməsinin əhəmiyyətini bildirib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr barədə məlumat verilib.

Görüşdə gələcək əməkdaşlığın prioritetləri müzakirə edilərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.