Nazirlik rəsmisi: Bütün dövlət xidmətlərinin myGov üzərindən təqdim olunması planlaşdırılır

Nazirlik rəsmisi: Bütün dövlət xidmətlərinin myGov üzərindən təqdim olunması planlaşdırılır

13 Fevral 2026

Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilir. Ölkədə formalaşdırılan yeni rəqəmsal arxitektura və vahid fəaliyyət planı çərçivəsində bir sıra struktur və institusional dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Etibar Əjdərov deyib.

Onun sözlərinə görə, dövlət idarəetməsində vahid koordinasiya sisteminin yaradılması və idarəetmənin vahid mərkəzdə birləşdirilməsi əsas hədəflərdəndir.

Eyni zamanda bütün dövlət xidmətlərinin vahid portal – myGov üzərindən təqdim olunması planlaşdırılır.

Etibar Əjdərov bildirib ki, dövlət qurumlarında, ilk növbədə isə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətləri üzrə məsul rəhbər şəxslərin (müavin və ya ekvivalent struktur rəhbəri) müəyyənləşdirilməsi də nəzərdə tutulur.

Şöbə müdiri qeyd edib ki, həyata keçiriləcək bu tədbirlər vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını daha da asanlaşdıracaq. Vətəndaşlar artıq myGov portalı vasitəsilə istənilən xidməti rahat və operativ şəkildə əldə edə biləcəklər.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov