Malik Rzayev: Tədbirlər Planı Naxçıvanın uzunmüddətli su təhlükəsizliyinə xidmət edəcək
İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” regionun su təhlükəsizliyi baxımından böyük strateji əhəmiyyət daşıyır.
Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası təbii-coğrafi xüsusiyyətlərinə görə su ehtiyatları məhdud olan, iqlim dəyişikliklərinə həssas və quraqlıq riskləri ilə üzləşən regiondur və belə şəraitdə su resurslarının düzgün idarə olunması sosial sabitlik, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Rəis vurğulayıb ki, Tədbirlər Planı mövcud su ehtiyatlarının qorunmasına, onların səmərəli və qənaətli istifadəsinə, itkilərin minimuma endirilməsinə və uzunmüddətli su təhlükəsizliyinin təmininə yönəlib. Onun sözlərinə görə, sənəd yalnız mövcud problemlərin aradan qaldırılmasını deyil, gələcək risklərin qabaqlanmasını da nəzərdə tutur. Əhalinin içməli su ilə etibarlı təminatının gücləndiriləcəyini, kənd təsərrüfatında suvarma imkanlarının genişlənəcəyini və yeni əkin sahələrinin dövriyyəyə cəlb olunması üçün şərait yaradılacağını bildirib.
Malik Rzayev diqqətə çatdırıb ki, su ehtiyatlarının qorunması və mövcud mənbələrin səmərəli idarə olunması istiqamətində yeni mexanizmlər və nəzarət alətləri tətbiq ediləcək, su itkilərinə qarşı nəzarət gücləndiriləcək. Bu tədbirlərin suyun israfının qarşısını alacağını, suvarma və içməli su şəbəkələrində səmərəliliyi artıracağını qeyd edib.
O əlavə edib ki, planın prioritet istiqamətlərindən biri su təchizatı və suvarma sistemlərinin yenilənməsidir.
Magistral su kəmərlərinin, nasos stansiyalarının, su anbarlarının və kəndlərdəki içməli su şəbəkələrinin modernləşdiriləcəyini, prosesin mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. İlk mərhələdə mövcud infrastrukturun texniki qiymətləndirilməsinin aparılacağını və yenidənqurmaya ehtiyacı olan sahələrin müəyyən ediləcəyini deyib.
Rəis vurğulayıb ki, suyun ötürülməsi zamanı itkilərin azaldılması üçün qapalı boru tipli suvarma sistemləri qurulacaq, torpaq məcralı arxlar beton kanallarla üzlənəcək və müasir texniki həllər tətbiq olunacaq. Bu yeniliklərin həm su resurslarının səmərəli istifadəsinə, həm də kənd təsərrüfatında məhsuldarlığın artmasına töhfə verəcəyini bildirib.
Malik Rzayev alternativ su mənbələrinin idarə olunmasının da prioritet istiqamət olduğunu qeyd edib. Hazırda muxtar respublika ərazisində 900-dan çox subartezian quyusu və çay yataqlarında qurulmuş kaptajlar vasitəsilə içməli və suvarma su təminatının həyata keçirildiyini, bu təcrübənin genişləndiriləcəyini və yeni subartezian quyularının qazılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Əsas prioritetin yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılması olduğunu bildirib.
Onun sözlərinə görə, Tədbirlər Planı kənd təsərrüfatının inkişafına da mühüm təsir göstərəcək. Müasir irriqasiya sistemlərinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində suvarma xərclərinin azalacağını, su itkisinin minimuma enəcəyini və məhsuldarlığın artacağını deyib. Yeni torpaq sahələrinin suvarılmasının mümkün olacağını və bunun regionun ərzaq təhlükəsizliyini gücləndirəcəyini qeyd edib.
Rəis bildirib ki, bölgələrdə yaşayan təsərrüfat sahibləri və fermerlər suyun fasiləsiz və sabit təminatını, eləcə də ədalətli bölgünü gözləyirlər. Maarifləndirmə tədbirlərinin keçirildiyini, ictimai müzakirələrin təşkil olunduğunu və sudan istifadə birliklərinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. İnsan faktorunun nəzərə alınmasının layihələrin uğurlu icrası üçün vacib olduğunu diqqətə çatdırıb.
Malik Rzayev sonda qeyd edib ki, Naxçıvanda görüləcək işlər ölkə üzrə həyata keçirilən milli su siyasətinin tərkib hissəsidir və bütün layihələr vahid idarəetmə prinsipləri əsasında həyata keçiriləcək. Bunun nəticəsində regionun və ümumilikdə ölkənin su təhlükəsizliyinin daha da möhkəmlənəcəyini bildirib.
Müsahibəni hazırladı:
Mətin Kamal








