Qazı: Ramazan ayı insanın özünə qayıdış və mənəvi hesabat ayıdır

Qazı: Ramazan ayı insanın özünə qayıdış və mənəvi hesabat ayıdır

17 Fevral 2026

Ramazan ayının başlaması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib. O, müqəddəs ayın dini, mənəvi və ictimai əhəmiyyətindən danışaraq Ramazanın cəmiyyət həyatında oynadığı rolu şərh edib.

Əli Orucov bildirib ki, Ramazan ayı sadəcə oruc tutmaqla məhdudlaşmır:

“Ramazan ayı insanın özünə qayıdış və mənəvi hesabat ayıdır. Bu ayda insan yalnız qida və sudan deyil, həm də mənfi düşüncələrdən, pis əməllərdən, qəlb qırmaqdan uzaq durmağa çalışmalıdır. Əsas məqsəd nəfsə qalib gəlmək və daxili aləmi saflaşdırmaqdır”.

Şura sədri qeyd edib ki, oruc ibadəti insanın səbir, dözüm və mərhəmət hisslərini gücləndirir. Onun sözlərinə görə, ac və susuz qalmaq imkansız insanların vəziyyətini daha dərindən anlamağa, cəmiyyətdə yardımlaşma ruhunu artırmağa səbəb olur.

“Ramazan ayı sosial məsuliyyət ayıdır. Bu dövrdə zəkat və fitrə kimi vacib ibadətlər vasitəsilə ehtiyacı olan insanlara dəstək göstərilir. Bu isə cəmiyyətdə sosial ədalətin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, – deyə Əli Orucov vurğulayıb.

Müsahibədə ailə dəyərlərinə də toxunan Şura sədri bildirib ki, Ramazan ayı ailə münasibətlərinin möhkəmləndiyi, bir süfrə arxasında birliyin və səmimiyyətin artdığı xüsusi bir zamandır. O qeyd edib ki, bu ayda valideynlər gənc nəslə dini-mənəvi dəyərləri aşılamaq üçün daha həssas və diqqətli olmalıdırlar.

Əli Orucov həmçinin bildirib ki, Ramazan ayı insanları pis vərdişlərdən uzaqlaşmağa, düzgün həyat tərzi seçməyə və cəmiyyətə faydalı fərd olmağa çağırır. Onun sözlərinə görə, bu ayda edilən ibadətlər və xeyirxah əməllər insanın həyatında davamlı müsbət dəyişikliklərə zəmin yarada bilər.

Şura sədri sonda qeyd edib ki, Ramazan ayının əsas mahiyyəti birlik, mərhəmət və mənəvi kamillikdir və bu dəyərlərin il boyu qorunub saxlanılması hər bir insanın üzərinə düşən məsuliyyətdir.

Müsahibəni hazırladı:

Mətin Kamal