Su anbarlarında və sututarlarda toplanan çöküntülər yer təkindən istifadə növü hesab oluna bilər

Su anbarlarında və sututarlarda toplanan çöküntülər yer təkindən istifadə növü hesab oluna bilər

17 Fevral 2026

Azərbaycanda "Yerin təki haqqında" qanuna təklif edilən dəyişikliklə su anbarlarında və sututarlarda toplanan çöküntülərin yer təkindən istifadə növü kimi müəyyənləşdirilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, dəyişiklik yer təkinin istifadəsi sahəsində hüquqi tənzimlənmənin təkmilləşdirilməsinin, təbii ehtiyatlardan səmərəli istifadə olunmasının, ekoloji təhlükəsizliyin gücləndirilməsinin və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb edilməsinin hüquqi əsaslarının dəqiqləşdirilməsi məqsədi daşıyır: "Qanuna dəyişiklik əsasında ilk olaraq su anbarlarında və sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellər və keçidlərin tikintisi ilə bağlı yer təkindən çıxarılan süxurların istifadəsinin yer təkindən istifadə növü kimi müəyyənləşdirilməsi nəzərdə tutulub".