Naxçıvanlı idmançılar Avrasiya çempionu olub

Naxçıvanlı idmançılar Avrasiya çempionu olub

17 Fevral 2026

Azərbaycanda AIGA təşkilatının qrapplinq üzrə ilk Avrasiya çempionatı keçirilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, fevralın 13-dən 15-dək davam edən yarışın görüşləri “Sərhədçi” İdman Mərkəzində reallaşıb. Çempionatda 30-dan çox ölkəni təmsil edən 700-dən artıq idmançı müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparıblar. Azərbaycan 69 qızıl, 84 gümüş və 89 bürünc medalla ölkə sıralamasında birinci olub.  

Mötəbər yarışda ölkəmizi təmsil edən komandalardan biri də “Turan” Döyüş Klubu olub. Klubun baş məşqçisi Xəyal Abdullayevin rəhbərliyi ilə yarışa 15 idmançı qatılıb. Nəticələrə əsasən komanda Avrasiya çempionatını 2 qızıl, 1 gümüş və 7 bürünc medalla tamamlayıb.

Təmsilçilərimizdən Rəhim Quluzadə (45 kq) 16–17 yaşlı idmançıların, Həmid Ələkbərli (72 kq) isə 14–15 yaşlıların yarışında bütün rəqiblərini məğlub edərək çempion adına sahib çıxıblar.

Klubun digər idmançılarından Nurəddin Əliyev (45 kq) 16–17 yaş kateqoriyasında ikinci olub. 14–15 yaş qrupunda Mahir Səfərov (41 kq), Əli Əbilov (45 kq), Əbülfəz Cəfərov (55 kq), Tunar Hüseynli (55 kq), Əli Qəribov (72+ kq), həmçinin 16–17 yaş qrupunda Nurəli Əsgərov (55 kq) və Ravil Alməmmədov (72 kq) öz çəki dərəcələrində üçüncü yerə layiq görülüblər.