AMEA Naxçıvan Bölməsində təcrübəçi tələbələrlə görüş keçirilib - FOTO
AMEA Naxçıvan Bölməsində təcrübə proqramı çərçivəsində tələbələrlə görüş təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin Mətbuat Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüşdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qurumun fəaliyyəti, elmi istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb və ötən müddət ərzində ölkənin elmi-intellektual potensialının formalaşmasında mühüm rol oynayıb. O, qeyd edib ki, Naxçıvan Bölməsi 7 avqust 2002-ci il tarixində təsis olunub və bu qərar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin elmə və milli-mənəvi irsə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
İsmayıl Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə olduğu kimi, elm sahəsinin inkişafına da xüsusi diqqət və qayğı göstərmişdir. Ulu Öndərin ölkə elminin inkişafı istiqamətində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 7 avqust 2002-ci il tarixli Sərəncamla AMEA Naxçıvan Bölməsinin yaradılması olmuşdur.
Akademik qeyd edib ki, bölmənin təşkili və formalaşdırılması ilə əlaqədar 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Həmin müşavirədə Ulu Öndər elmin inkişafı ilə bağlı fikir və məqsədlərini açıqlayaraq Naxçıvanın tarixinin, mədəniyyətinin və təbii sərvətlərinin sistemli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.
İsmayıl Hacıyev bildirib ki, bu strateji baxış Naxçıvan Bölməsinin fəaliyyət istiqamətlərini müəyyənləşdirib və bu gün də bölmənin elmi-tədqiqat prioritetlərinin əsasını təşkil edir.
Çıxış zamanı AMEA-nın struktur bölmələri haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, Akademiyanın Naxçıvan və Gəncə bölmələri, həmçinin Şəki, Quba və Lənkəran elmi mərkəzləri fəaliyyət göstərir. Bu qurumlar regionlarda elmi tədqiqatların təşkili və koordinasiyasında mühüm əhəmiyyət daşıyır.
Bölmə sədri Naxçıvan Bölməsinin şöbələri, aparılan fundamental və tətbiqi tədqiqatlar, elmi dərəcələr və kadr hazırlığı prosesi barədə ətraflı danışıb. Qeyd olunub ki, bölmənin əsas məqsədi Naxçıvanın tarixi, dili, ədəbiyyatı, folkloru və ümumilikdə zəngin maddi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə xidmət etməkdir.
Görüş çərçivəsində bölmədə nəşr olunan “Elmi əsərlər” və “Axtarışlar” jurnalları haqqında məlumat verilib, eləcə də “Tusi” nəşriyyatının fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, bu nəşrlər elmi nəticələrin ictimaiyyətə və beynəlxalq elmi mühitə çatdırılmasında mühüm rol oynayır.
Təcrübə proqramına müxtəlif ixtisaslar üzrə tələbələr cəlb olunublar. Onlar Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix (qiyabi), Fəlsəfə, Filologiya (Alman dili və ədəbiyyatı), eləcə də Tərcümə (ərəb–Azərbaycan dilləri) kimi bir çox ixtisaslar üzrə təhsil alırlar. Təcrübə müddətində tələbələr elmi-tədqiqat prosesində yaxından iştirak edir, arxiv materialları ilə işləyir, elmi məqalələrin hazırlanması və redaktəsi sahəsində praktik biliklər əldə edirlər.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda İsmayıl Hacıyev gənclərə elmi fəaliyyətlərində uğurlar arzulayıb və onların gələcəkdə ölkənin elmi inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.









