Naxçıvanda yükdaşıma sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov "Azera Holdinq"-in nümayəndələri ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüşdə nazirliyin rəhbər heyəti və tabeli qurumların əməkdaşları, həmçinin "Naxçıvan Dəmir Yolları" MMC-nin direktoru iştirak edib.
Tərəflər görüş zamanı yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar regionda yüklərin daşınması, yeni marşrutların təşkili və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.
Görüşdə gələcək əməkdaşlığın prioritetləri müzakirə edilərək regional logistik imkanlar üzrə fikir mübadiləsi aparılıb.








