Naxçıvanda şəhərdaxili marşrutlar üzrə "BakuBus" MMC qalib elan olunub

Naxçıvanda şəhərdaxili marşrutlar üzrə "BakuBus" MMC qalib elan olunub

18 Fevral 2026

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri – Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunub.

Paytaxtın 142 nömrəli (metronun "20 Yanvar" stansiyası – Masazır kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs "Çinar-Trans" MMC-dir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.