NDU-da professor Məhərrəm Qasımlının kitablarının təqdimatı keçirilib -

NDU-da professor Məhərrəm Qasımlının kitablarının təqdimatı keçirilib - FOTO

19 İyun 2026

III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ozan aşıq sənəti və ədəbiyyatı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitablarının təqdimatı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov açaraq bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və milli-mədəni irsin qorunmasında bu cür nəşrlərin əhəmiyyətini vurğulayıb. 

Professor Məhərrəm Qasımlı çıxışında tədbirin təşkilinə görə təşəkkürünü bildirib, Qərbi Azərbaycan məsələsinin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Alim qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin, həmin ərazilərin zəngin folklor mühitinin və aşıq sənəti ənənələrinin araşdırılması qayıdış ideyasının mənəvi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Məhərrəm Qasımlı aşıq sənətinin qədim köklərindən bəhs edərək bu sənətin əsrlər boyu xalqın tarixini, milli düşüncəsini və mənəvi dəyərlərini yaşatdığını vurğulayıb. O, Naxçıvan torpağının da Azərbaycan aşıq sənətinin formalaşması və inkişafında mühüm rol oynadığını, bölgənin zəngin folklor olduğunu diqqətə çatdırıb. 

Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərov, NDU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının dosentləri Xanəli Kərimli, Aypara Behbudova, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva professor Məhərrəm Qasımlının Azərbaycan folklorşünaslığına verdiyi töhfələrdən bəhs edərək onun elmi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndiriblər.

Bədii hissədə Aşıq Elməddin Hacıbayramlı, Aşıq Nurəddin Kəlbəcərli, Aşıq İmralı Körpülü və Aşıq Xanım Göyçəli tərəfindən aşıq havalarının ifa olunması tədbirə xüsusi rəng qatıb.

Sonda xatirə fotosu çəkdirilib.