"Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı"nın nizamnamələri təsdiqlənib

"Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı"nın nizamnamələri təsdiqlənib

19 İyun 2026

Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lərin nizamnamələrini təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Regional Su Meliorasiya" Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin üquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. 1.2. Cəmiyyət meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin rayon və şəhərlərdə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini (bundan sonra – müvafiq sahə) həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir.

"İri Şəhərlərin Su Təchizatı" isə Agentliyin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 2 400 427 052 manatdır, nominal dəyəri 2 manat olan 1 200 213 526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Bütün səhmlər dövlətə məxsusdur.