Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üzrə hədəflər açıqlandı
2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiyada 50-dən çox təşəbbüs nəzərdə tutulub. Bu sənəd 3 ana məqsəd üzrə 9 prioritet istiqaməti əhatə etməklə biznes sahəsi üzrə 26, cəmiyyəti əhatə edən 15, dövləti əhatə edən 9 təşəbbüsdən ibarətdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov təmsil etdiyi qurumun 2025-ci ilin fəaliyyətinin yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransında deyib.
"Biznes üzrə Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi və bu istiqamətdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək olmaqdır. İqtisadiyyatın rəqəmsallaşması ilə bu prosesdə əmək bazarının texnoloji tələblərə uyğunlaşdırılmasına çalışırıq.
Növbəti bir neçə ildə 2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya çərçivəsində 8 əsas təşəbbüsümüz olacaq. Bunlardan biri Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək proqramıdır. Biz özəl təşkilatların, xüsusilə də sənaye və istehsal subyektlərinin texnoloji və yaşıl inkişafına dəstək veririk. Bundan başqa, Yeni Nəsil Texnologiyalar Mərkəzi yaradılacaq. Digər planlarımız yeni bizneslərin yaradılması və gücləndirilməsi, Rəqəmsal Həllər və Xidmətlər Platformasının yaradılması, Məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqamı, İqtisadi Məlumatların Analitikası Platforması, "Rəqəmsal Əkiz" Təşəbbüsü, Azərbaycan dili bazasında süni intellekt modelinin hazırlanmasından ibarədir", - o bildirib.
Fariz Cəfərovun sözlərinə görə, bu təşəbbüslər reallaşdıqdan sonra 2029-cu ildə rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatacaq:
"Bu transformasiya nəticəsində özəl şirkətlər ölkə iqtisadiyyatına 58 milyon manat əlavə dəyər qatacaqlar. Həmçinim 250 yeni sahəvi startaplar yaradılacaq. Rəqəmsal bazarlara çıxış əldə etmiş KOB sayları 200-ə çatdırılacaq. Eyni zamanda ümumi məşğulluqda yüksək ixtisaslı İKT mütəxəssislərinin payı 1,87% olacaq. Yekunda, iqtisadiyyatımıza əlavə olaraq yaradıcı süni intellekt vasitəsilə 70 milyon manatdan çox dəyər yaradılacaq".








