Hərbi çağırışa gəlməmək hansı məsuliyyətə səbəb olur? -

Hərbi çağırışa gəlməmək hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

18 Fevral 2026

Sual: Hərbi çağırışa gəlməmək hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin müvafiq şöbə və ya bölmələrinə üzrlü səbəblər olmadan gəlməyən şəxslər barəsində üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tənbeh növü tətbiq edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tənbeh növü tətbiq olunur. Həmçinin həmin əməllər qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Belə ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev