Maddi sübutlar barədə hansı qərar qəbul edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə hansı qərar qəbul olunur?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə yekun qərar çıxararkən maddi sübutlarla bağlı aşağıdakı qaydalara əməl etməlidir:
Cinayət törədilərkən istifadə olunan alət və vasitələr (qanuni sahibinə qaytarılanlar istisna olmaqla) xüsusi müsadirə edilir, müvafiq təşkilatlara verilir və ya dəyəri olmadıqda məhv edilir.
Cinayət yolu ilə əldə edilmiş əmlak və ondan götürülən gəlirlər (qanuni sahibinə qaytarılanlar istisna olmaqla), həmçinin həmin əmlakın çevrildiyi digər əmlak xüsusi müsadirə olunur. Bu vəsait ilk növbədə vurulmuş ziyanın ödənilməsinə yönəldilir, qalan hissəsi isə dövlət nəfinə keçirilir. Zərərçəkmiş məlum olmadıqda əmlak tam həcmdə dövlət nəfinə keçirilir.
Terrorçuluğun, qanunsuz silahlı birləşmələrin, mütəşəkkil dəstələrin və ya cinayətkar təşkilatların maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilir.
Mülki dövriyyəsi məhdudlaşdırılmış və ya dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilir, dəyəri olmadıqda məhv edilir.
Qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılır.
Dəyəri olmayan digər əşyalar məhv edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








