Cinayət təqibinə xitam verilməsi qaydası nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, cinayət təqibinə xitam verilməsi qaydası nədən ibarətdir?
Cavab: Təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində cinayət təqibini istisna edən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Bununla belə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) , habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən ölmüş şəxsin yaxın qohumu müvafiq bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən sonra 20 (iyirmi) gün müddəti ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədiyi hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat CPM-nin ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








