Səhiyyə Nazirliyində vətəndaşların sağlamlıq hüququnun qorunması müzakirə olunub - FOTO
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Vətəndaşların sağlamlığının qorunması hüququnun konstitusion təminatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə səhiyyə müəssisələrinin rəhbərləri və digər aidiyyəti şəxslər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Elnur Bağırov mövzunun səhiyyə sahəsində hüquqi maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında sağlamlıq hüququnun insan hüquq və azadlıqları sistemində xüsusi yer tutduğunu bildirib. O, sağlamlığın yaşamaq hüququ, fiziki və mənəvi bütövlük, əmək fəaliyyəti və sosial rifahla birbaşa bağlı olduğunu diqqətə çatdırıb.
Həmçinin əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığının təmin edilməsi qaydaları, həmin tələblərin pozulmasına görə nəzərdə tutulan hüquqi məsuliyyət və tibbi xidmətlərin göstərilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi barədə məlumat verilib.
Qeyd olunub ki, tədbirin əsas məqsədi səhiyyə sahəsində qanunvericiliyin tələbləri ilə bağlı məlumatlılığı artırmaq, hüquq pozuntularının qarşısının alınmasına nail olmaq və vətəndaşların sağlamlığının qorunması hüququnun təmin edilməsi istiqamətində hüquqi bilikləri genişləndirməkdir.













