İqtisadiyyat naziri “Azər-Türk Bank” ASC-nin rəhbərliyi ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir Kazım Hüseynəliyev qonaqları salamlayaraq muxtar respublikanın iqtisadi göstəriciləri, mövcud iqtisadi potensialı və inkişaf perspektivlərindən bəhs edib, Naxçıvanda biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı və yeni investisiya təşəbbüslərinin dəstəklənməsi istiqamətində maliyyə institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılmasının iqtisadi fəallığın artırılmasında mühüm rol oynadığını qeyd edib.
“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva bankın regionların iqtisadi inkişafına dəstək göstərilməsinə, sahibkarlıq subyektlərinin maliyyə xidmətlərindən daha geniş istifadəsinə və biznes təşəbbüslərinin maliyyələşdirilməsinə xüsusi önəm verdiyini bildirib.
O qeyd edib ki, təmsil etdiyi bankın əsas hədəflərindən biri muxtar respublikanın iqtisadi potensialının reallaşdırılmasına maliyyə alətləri vasitəsilə töhfə vermək, sahibkarların ehtiyaclarına uyğun çevik və əlçatan bank xidmətləri təqdim etməkdir.
Görüşdə muxtar respublikanın iqtisadi potensialının reallaşdırılması, sahibkarlığın inkişafı, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bank-maliyyə sektorunun regional iqtisadi inkişafdakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, güzəştli kredit imkanlarının genişləndirilməsi, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələr üzrə kreditləşmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də startap və kənd təsərrüfatı layihələrinin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, regional xüsusiyyətlər nəzərə alınmaqla kredit şərtlərinə çevik yanaşmanın tətbiqi, investisiya layihələrinin birgə maliyyələşdirilməsi, nağdsız ödənişlərin təşviqi və müasir bank xidmətlərinin regionlarda əlçatanlığının artırılması imkanları müzakirə edilib.
Görüşün sonunda tərəflər muxtar respublikada sahibkarlığın inkişafına, investisiya fəallığının artırılmasına və biznes subyektlərinin maliyyə imkanlarının genişləndirilməsinə yönəlmiş əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.












