Baş nazir: Naxçıvanda 2025-ci ildə 305,4 milyon manatlıq dövlət satınalması həyata keçirilib

Baş nazir: Naxçıvanda 2025-ci ildə 305,4 milyon manatlıq dövlət satınalması həyata keçirilib

24 Fevral 2026

Fevralın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də dövlət orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev çıxış edərək bildirib ki, dövlət satınalmaları sahəsində həyata keçirilən islahatlar Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir.

Baş nazir qeyd edib ki, son illər dövlət satınalmaları sahəsində qanunvericilik bazası müasirləşdirilib, normativ-hüquqi mexanizmlər təkmilləşdirilib, elektron satınalma sisteminin tətbiqi genişləndirilib və institusional nəzarət gücləndirilib.

Onun sözlərinə görə, satınalma sistemində institusional möhkəmləndirmə gücləndirilib, prosedurların keyfiyyəti yüksəldilib, əsassız ləğvlərin sayı azaldılıb, şəffaflıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Bildirilib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 1463 satınalma proseduru üzrə 305,4 milyon manat məbləğində satınalma həyata keçirilib. Açıq tender üsulu ilə 282 satınalma üzrə 248,6 milyon manat, kotirovka sorğusu üsulu ilə 813 satınalma üzrə 14,6 milyon manat, 368 halda isə bir mənbədən satınalma üzrə 42,2 milyon manat vəsait sərf olunub.

Ləğv edilən müsabiqələrlə bağlı danışan Baş nazir vurğulayıb ki, 2024-cü illə müqayisədə ötən il ləğv edilən satınalmaların məbləği 73,5 milyon manat təşkil edib. Yetərsay iştirak olmaması səbəbindən ləğv edilən satınalmaların sayı 33 faiz, məbləği isə 51 faiz azalıb. İddiaçıların şərtlərə uyğunsuzluğu səbəbindən ləğvlərin sayında 74 faiz, məbləğində isə 70 faiz azalma qeydə alınıb. Satınalan təşkilatların nöqsanları səbəbindən isə ləğvlərin sayında 93 faiz, məbləğində 73 faiz azalma müşahidə olunub.

Qeyd edilib ki, bu göstəricilər satınalma sistemində peşəkarlıq səviyyəsinin yüksəldiyini və şəffaflığın daha da artdığını göstərir.