Naxçıvanda su təhlükəsizliyi sahəsində 2026-2030-cu illər üçün strateji hədəflər açıqlanıb
Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadə və əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində növbəti beşilliyi əhatə edən genişmiqyaslı islahatlara başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları və qəbul edilmiş yeni Tədbirlər Planı regionun su təsərrüfatında yeni dövrün əsasını qoyur.
Mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə ətraflı məlumatı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov verib.
Müsahib bildirib ki, yeni qəbul edilən "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" region üçün strateji yol xəritəsidir:
"Naxçıvanın təbii-coğrafi mövqeyi su resurslarının qorunmasını və qənaətli istifadəsini zəruri edir. Yeni plan çərçivəsində infrastrukturun modernləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və suvarma sistemlərinin yenidən qurulması əsas hədəfimizdir. Bu məqsədlə açıq kanalların beton örtüklə üzlənməsi və müasir qapalı boru tipli suvarma sistemlərinin tətbiqi prioritet hesab olunur".
Dövlət başçısının 2026-cı il 24 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrə toxunan rəis müavini qeyd edib:
"Sərəncama uyğun olaraq, ümumi əhalisi 80 mindən artıq olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun qazılması təmin ediləcək. Layihə Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Şərur rayonlarını əhatə edir. Bu, xüsusilə kənd yerlərində içməli su təminatının dayanıqlığını tam təmin edəcək".
Tədbirlər planında hidrotexniki qurğuların yenidən qurulması xüsusi yer tutur. Emil Səfərovun sözlərinə görə, 1969-cu ildən istismarda olan "Qaraçuq-1" nasos stansiyasının yenilənməsi aqrar sektor üçün həlledici rol oynayacaq:
"Nasos stansiyasının gücünün artırılması və enerjisəmərəli avadanlıqlarla təmin olunması nəticəsində 12 571 hektar torpaq sahəsinin su təminatı etibarlı hala gətiriləcək. Bu həm məhsuldarlığın artmasına, həm də yeni torpaq sahələrinin suvarmaya cəlb edilməsinə şərait yaradacaq".
Emil Səfərov vurğulayıb ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulan bu tədbirlər Naxçıvanda ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və regionun sosial-iqtisadi inkişafına əvəzsiz töhfə verəcəkdir.
Müsahibəni hazırladı:
Nəzrin Umay








