Azərbaycan dünya üçün etibarlı tərəfdaşdır
Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında etdiyi çıxışdan əldə edilən nəticə.
Son illərdə qlobal enerji bazarında baş verən mürəkkəb proseslər bir daha sübut etdi ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik və siyasi sabitlik məsələsidir. Məhz belə bir dövrdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın artan geosiyasi və enerji rolunun bariz göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir daha nümayiş etdirdi ki, ölkəmizin enerji siyasəti praqmatizmə, qarşılıqlı faydaya və uzunmüddətli strateji baxışa əsaslanır.
Ölkə başçısı qeyd edib ki, son 12 il ərzində Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal əhəmiyyətli enerji platformasına çevrilmişdir. Bu gün artıq 16 ölkə Azərbaycan qazının istehlakçısıdır. Avropa İttifaqının 10 üzv dövləti ölkəmizdən qaz alır. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ön sıraya çıxarmışdır.
Ən mühüm məqamlardan biri isə qaz təchizatının coğrafiyasının genişlənməsidir. Almaniya və Avstriya kimi inkişaf etmiş Avropa ölkələrinə qaz ixracının başlanması, eləcə də Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükü Azərbaycanın humanitar və strateji məsuliyyət daşıyan dövlət olduğunu göstərir.
Prezidentin vurğuladığı kimi, yaxın illərdə qaz hasilatının artımı gözlənilir. Bu ölkəmizin enerji imkanlarını daha da genişləndirəcək. Maksimum mərhələdə əlavə 10–15 milyard kubmetr qaz hasilatı Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
Lakin Prezidentin haqlı olaraq qeyd etdiyi kimi, mövcud infrastrukturun genişləndirilməsi zəruridir. Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir və artan tələbat yeni interkonnektorların yaradılmasını tələb edir.
Azərbaycan yalnız ənənəvi enerji resurslarına arxalanmır. 240 meqavat gücündə regionun ən böyük külək elektrik stansiyasının istifadəyə verilməsi və 230 meqavatlıq Günəş stansiyasının istismarı ölkəmizin yaşıl transformasiya istiqamətində qətiyyətli addımlarını göstərir.
2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji istehsalı planlaşdırılır. Bu, daxili qaz istehlakını azaltmaqla ixrac imkanlarını genişləndirəcək və sənaye, süni intellekt, data mərkəzləri kimi yeni iqtisadi sahələrin inkişafına xidmət edəcək.
Prezidentin çıxışında xüsusi vurğulanan məqam isə realizm idi: qazıntı yanacaqlarını tamamilə inkar etməklə enerji siyasəti qurmaq mümkün deyil. Qaz və bərpaolunan enerji mənbələri paralel inkişaf etdirilməlidir.
“Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.
Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində - bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”,- deyə cənab İlham Əliyev iştırakçıların diqqətinə çatdırıb.
Azərbaycan artıq yalnız ixracatçı deyil, həm də beynəlxalq enerji investoru kimi çıxış edir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiya ilə 500 meqavatlıq yeni stansiya müqaviləsi, İtaliyada iki böyük neftayırma müəssisəsinin alınması ölkəmizin enerji xəritəsində təsir gücünü artırır.
Eyni zamanda, Qazaxıstan və Türkmənistan neftinin tranziti üzrə artan həcmlər Azərbaycanın Xəzər hövzəsində etibarlı enerji qovşağı rolunu daha da möhkəmləndirir.
Ölkə başçımızın çıxışı bir reallığı sübut edir: bu gün Azərbaycan enerji siyasətində üç əsas prinsipi rəhbər tutur: Etibarlılıq, Şaxələndirmə, Dayanıqlılıq.
Bu mötəbər iqtisadi tədbirdə Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmiz yalnız mövcud çağırışlara cavab vermir, eyni zamanda gələcəyin enerji arxitekturasının formalaşmasında fəal iştirak edir.
Azərbaycan həm ənənəvi enerji ehtiyatlarına malik güclü istehsalçı, həm etibarlı tranzit ölkə, həm də yaşıl enerji transformasiyasını həyata keçirən məsuliyyətli dövlətdir. Bu strateji kurs ölkəmizin iqtisadi gücünü, siyasi nüfuzunu və beynəlxalq tərəfdaşlıq imkanlarını daha da artıracaq.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti








