Bazardakı yağ məhsullarını seçərkən nələrə diqqət etməliyik? –

Bazardakı yağ məhsullarını seçərkən nələrə diqqət etməliyik? – Mütəxəssis açıqlayır

28 Fevral 2026

Bazarda yağ məhsullarının çeşidi artsa da, istehlakçılar üçün əsas məsələ keyfiyyətli və təhlükəsiz məhsulu düzgün seçməkdir. Qiymət artımı, idxal məhsullarının çoxluğu və etiket məlumatlarının mürəkkəbliyi də seçim prosesini çətinləşdirən amillərdəndir.

Kərə yağı alarkən hansı göstəricilər əsasdır? Bitki tərkibli yağlar nə dərəcədə təhlükəlidir? Zeytun yağının təbiiliyini necə müəyyən etmək olar? Sağlam qidalanma üzrə mütəxəssis, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova mövzu ilə bağlı  sualları "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində cavablandırıb.

Mütəxəssis keyfiyyətli yağları fərqləndirməyin yollarını belə izah edib:

"Kərə yağlarında və digər qida məhsullarında qiymət heç də hər zaman keyfiyyət və ya təhlükəsizlik göstəricisi deyil. Burada diqqət edilməli olan əsas məqam yağın tərkibindəki süd yağının minimal faizidir ki, bu da 82% və ya 82.5% olmalıdır. Məhsulun əsas hissəsini mütləq şəkildə inək südü və ya qaymaq təşkil etməlidir.

Laborator analizlər zamanı yağın turşuluğu, peroksid sayı, suyun miqdarı, həmçinin patogen bakteriyaların olub-olmadığını müəyyən edən mikrobioloji göstəricilər yoxlanılır. İdxal malları gətirildiyi ölkənin standartları ilə yanaşı, Avropa Birliyi və Codex Alimentarius normalarına da uyğun gəlməlidir. Bəzən "kərə yağı" adı altında satılan məhsulların etiketində "bitki yağından əldə edilmiş", "bitki-süd qarışığı",  "yağ məhsulu" və ya "spred" (spread) kimi qeydlərə rast gəlinir. Bunlar təbii kərə yağı hesab olunmur və alıcılar bu etiket məlumatlarına qarşı diqqətli olmalıdırlar".

Məhsəti Hüseynova keyfiyyətsiz yağların orqanizmə vurduğu zərərlərdən danışıb:

"Qiymət artımına məhsulun keyfiyyəti ilə yanaşı, dünya bazarındakı dəyişikliklər və logistika xərcləri də təsir edir. Yüksək qiymət hər zaman keyfiyyət göstəricisi deyil. Lakin ucuz və keyfiyyətsiz trans yağlardan istifadə ciddi fəsadlar törədə bilər. Bu yağlar xroniki xəstəliyi olanlarda, azyaşlılarda, yaşlılarda və hamilə qadınlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. 18-25 yaş arası gənclərdə inkişaf ləngiməsi və ürək-damar xəstəlikləri riskini artırır. Orqanizmdə metabolik yüklənmə yaradan bu məhsulların seçiminə həm tədarükçülər, həm də istehlakçılar ciddi yanaşmalıdırlar".

Müsahib zeytun yağı alarkən istehlakçıların diqqət etməli seçim meyarlarını vurğulayıb:

"Zeytun yağı yağlar içində orqanizm üçün faydalı hesab olunur. Çünki zeytunun tərkibi A, D, E, K vitaminləri ilə zəngindir. Xüsusilə yerli zeytundan əldə olunan məhsullar orqanizm tərəfindən daha asan tanınır və həzm olunur. Bu da yerli zeytunların daha üstün hesab edildiyini və zeytun yağının faydalılığını göstərir. Əgər təbii zeytun yağı alırıqsa, ilk növbədə mənşəyi bəlli olan istehsal müəssisələrinin məhsullarına üstünlük verilməlidir. Bəzən mənşəyi məlum olmayan və ya qablaşdırılmasında düzgün qaydalara əməl olunmayan, "orqanik" adı altında satılan zeytun yağlarına rast gəlinir. Bu səbəbdən etiket məlumatlarına mütləq diqqət edilməlidir.

Etiketdə istehsalçı müəssisə haqqında ətraflı məlumat, ünvan, qaynar xətt, istehsal və son istifadə tarixi göstərilməlidir. Həmçinin tərkibində istifadə olunan inqrediyentlər barədə tam məlumat verilməlidir ki, məhsulun keyfiyyətli və etibarlı mənbədən əldə olunduğu aydın olsun. Yetişdirilmə üsulu da vacib amildir. Kimyəvi gübrələrdən və sintetik vasitələrdən minimum istifadə edilərək, təbii üsulla yetişdirilən zeytunlardan əldə olunan yağlar daha faydalı hesab olunur. Zeytun yağının rəngi adətən sarımtılı-yaşıl və ya qızılı-sarı olur. Bəzi hallarda bulanıqlıq onun təbii xüsusiyyətindən qaynaqlana bilər. Lakin kəskin sarı və ya parlaq yaşıl rəng qida boyası ehtimalını göstərə bilər. Dibində az miqdarda çöküntü olması isə orqanik məhsulun göstəricisi sayıla bilər.

Qoxusu təzə və xoşagələn zeytun ətri verməlidir. Əgər qoxu zəifdirsə və ya ümumiyyətlə yoxdursa, bu, məhsulun təbii olmadığını göstərə bilər. Dadı xoş olmalı, ağızda zeytun dadı qalmalıdır. Kəskin dad və sonradan yaranan acılıq isə əlavə qatqı ehtimalını göstərə bilər.

Zeytun yağı daha çox "soyuq sıxım" və ya "ekstra virgin" adı ilə təqdim olunur. Bu, məhsulun mexaniki üsulla əldə edildiyini və daha təzə olduğunu göstərir. Ən faydalı növ də məhz budur, çünki bu üsulla əldə olunan yağın tərkibindəki faydalı elementlər daha yaxşı qorunur.

"Alarkən tünd rəngli şüşədə qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Bu, yağı işıqdan qoruyur. Məhsulun sərin və günəş şüası düşməyən yerdə saxlanmasına diqqət etmək lazımdır. Təxminən +4 dərəcədə zeytun yağı dona bilər, lakin buna baxmayaraq sərin və qaranlıq mühitdə saxlanması tövsiyə olunur.

Əgər məhsul uzun müddət istifadə olunacaqsa, daha kiçik həcmli – 250 və ya 500 millilitrlik qabların alınması məqsədəuyğundur. Çünki qab açıldıqca yağ oksigenlə təmasda olur və bu zaman tərkibində dəyişiklik baş verə bilər. Bu dəyişikliklər həzm problemlərinə səbəb ola bilər.

Ev şəraitində zeytun yağını 15–22 dərəcə temperaturda, qaranlıq yerdə saxlamaq məsləhətdir. Rəf ömrü həddindən artıq uzun olan məhsullarda kimyəvi qatqı maddələrinin istifadəsi ehtimalı daha yüksəkdir. Bu hal xüsusilə idxal məhsullarında müşahidə oluna bilər və buna da diqqət etmək vacibdir", – deyə o əlavə edib.

Müsahibəni hazırladı:

Nəzrin Umay