Leyla Kərim: "Gözləyək, keçər" yanaşması uşağın gələcəyini itirməkdir

Leyla Kərim: "Gözləyək, keçər" yanaşması uşağın gələcəyini itirməkdir

02 Aprel 2026

2008-ci ildən etibarən hər il 2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Məqsəd autizm spektr pozuntusu olan şəxslərin hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə uyğunlaşmasını və sosial mühitdə iştirakını təmin etməkdir. Bu çərçivədə defektoloq Leyla Kərim "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində mövcud vəziyyət, ailələrin qarşılaşdığı çətinliklər və erkən müdaxilənin əhəmiyyəti barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, autizm spektr pozuntusu özünü yalnız nitq ləngiməsi ilə göstərmir və valideynlərin diqqət etməli olduğu daha geniş əlamətlər mövcuddur:

"Adətən ən çox diqqət çəkən əlamət nitq ləngiməsi olur. Lakin bununla yanaşı, uşağın sosiallaşmada çətinlik yaşaması, adına reaksiya verməməsi, göz təmasının zəif olması, oyuncaqlardan məqsədli istifadə etməməsi və müxtəlif stereotip davranışlar da müşahidə edilir. Bəzən valideynlər bu halları xarakter xüsusiyyəti və ya inadkarlıq kimi qiymətləndirərək ciddi yanaşmırlar. Halbuki hər uşaq fərqlidir və bu əlamətlərdən birinin olması birbaşa autizm demək deyil. Amma "gözləyək, keçər" yanaşması doğru deyil. Erkən müdaxilə uşağın gələcək sosial adaptasiyası baxımından həlledici rol oynayır".

Leyla Kərim qeyd edir ki, erkən yaş dövrlərində bəzi siqnallar mütəxəssislər üçün xəbərdarlıq xarakteri daşıyır:

"0-6 ay dövründə qəti diaqnoz qoyulmasa da, emosional reaksiyaların zəifliyi və göz təmasının azlığı diqqət çəkə bilər. Bir çox hallarda isə 18 aylıq uşaqlarda autizm əlamətləri daha aydın görünür və təcrübəli mütəxəssislər artıq risk qrupunu müəyyən edə bilirlər. Ümumilikdə 2 yaş autizm diaqnozunun daha etibarlı şəkildə qoyula bildiyi dövr hesab olunur. Onu da qeyd edim ki, diaqnoz yalnız həkim tərəfindən qoyulmalıdır".

Müsahib vurğulayıb ki, autizmli uşaqların sosial adaptasiyası üçün vahid və hamıya uyğun bir metod yoxdur, lakin bəzi yanaşmalar daha effektiv hesab olunur:

"Bu sahədə tək bir metoddan danışmaq doğru deyil. Amma müasir praktikada ABA terapiyası ən effektiv yanaşmalardan biri kimi qəbul olunur. Eyni zamanda təhsil sisteminə inteqrasiya yalnız uşağın sinifdə fiziki olaraq iştirak etməsi demək deyil. Əsas məsələ sistemin uşağa uyğunlaşdırılmasıdır. Çünki hər autizmli uşağın öyrənmə tərzi fərqlidir və standart yanaşma burada işləmir. Uşağın güclü tərəflərinə əsaslanan fərdi proqramlar tətbiq olunmalıdır".

Onun sözlərinə görə, inklüziv təhsilin effektivliyi üçün əlavə dəstək mexanizmləri də vacibdir:

"İnklüziv təhsildə "kölgə müəllim"-in olması mühüm amildir. Bu, uşağın dərsi izləməsinə və sosial qarşılıqlı əlaqə qurmasına ciddi şəkildə kömək edir. Müəllimlər autizmi davranış problemi kimi deyil, nevroloji fərqlilik kimi qəbul etməlidirlər. Uşağın çətin anlarında cəza yox, dəstək verilməlidir".

Mütəxəssis sinif mühitində maarifləndirmənin sosial uyğunlaşmaya birbaşa təsirindən danışıb:

"Sinifdəki digər şagirdlərə autizm haqqında düzgün məlumat verilməlidir. Onlar autizmli uşağa necə yanaşmalı olduqlarını başa düşsələr, bullinq (zorakılıq) halları azalır və uşağın sosial adaptasiyası daha sürətli gedir".

Müsahib test və müşahidə metodlarının rolundan danışıb:

"Testlər rəqəmsal nəticə versə də, mütəxəssisin subyektiv müşahidəsi diaqnozun "ruhunu" təşkil edir. Testlərdən GÖBDO testi diaqnoza ən yaxın dərəcə çıxaran testdir və biz bundan qəbullarımızda istifadə edirik. Bununla yanaşı, şəxsi müşahidələrimiz də əsas rol oynayır. Uşağın oyuncaqlarla necə oynadığına, xəyali oyun bacarığının olub-olmamasına, həmçinin uşağın səsə, işığa, toxunuşa və ya qoxuya qarşı həssaslığına da diqqət yetirilir. Əgər övladınızda hər hansı şübhəli əlamət görürsünüzsə, "böyüyəndə düzələr" deyənləri deyil, qeyd edilən rəsmi testləri tətbiq edən peşəkar mütəxəssisləri dinləmək ən doğru addımdır".

Defektoloq cəmiyyətdə autizm haqqında mövcud olan ən böyük yanlış təsəvvürlər barədə danışıb:

"Bir çox valideyn və yaxın ətraf autizmi müvəqqəti bir xəstəlik hesab etdiyi üçün bütün enerjisini uşağı "sağaltmağa" sərf edir. Halbuki autizm bir neyrobioloji fərqlilikdir. Bu yanaşma uşağın olduğu kimi qəbul edilməsinə mane olur. Bəzən elə düşünürlər ki, autizmli uşaq başa düşmür, anlamır. İnsanlar uşağın öyrənməyəcəyini düşündükdə ona sosial mühitdə də şans vermirlər; bu da onların özünə qapanmalarına, asosial olmalarına səbəb olur.

Autizmli uşaqların sensor yüklənmə zamanı göstərdiyi reaksiyalar, yəni qışqırmaq və ya qulaqlarını qapamaq kimi hərəkətləri çox vaxt ətrafdakılar tərəfindən "tərbiyəsizlik" və ya "valideynin uşağı idarə edə bilməməsi" kimi qiymətləndirilir. Bundan narahatlıq keçirən və qınaqdan qorxan valideynlər uşağı cəmiyyətə çıxarmaqdan çəkinirlər. Bu, həm ailənin, həm də uşağın sosial inteqrasiyasını sıfıra endirir. Autizmli fərdlərin daha çox ictimai yerlərdə, iş mühitində və mediada təmsil olunması stereotipləri qıracaq. Fərdi cəmiyyətə zorla uyğunlaşdırmaq deyil, cəmiyyəti fərdi qəbul edəcək qədər maarifləndirmək lazımdır".

Müsahibəni hazırladı:

Nəzrin Umay