AMEA Naxçıvan Bölməsində Elm Gününə həsr olunmuş elmi konfrans keçirilib -

AMEA Naxçıvan Bölməsində Elm Gününə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

02 Aprel 2026

AMEA Naxçıvan Bölməsində Elm Günü münasibətilə “Elmin gücü: bilikdən inkişafa” mövzusunda elmi konfrans təşkil olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumat əsasən, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Elm Gününün əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən AMEA-nın yaranma tarixinin əsas götürülməsi ilə Elm Gününün təsis edilməsi barədə imzalanmış Sərəncamdan danışıb. İsmayıl Hacıyev əməkdaşları Elm Günü münasibətilə təbrik edərək onlara yeni elmi nailiyyətlər arzulayıb. Akademik, həmçinin Ulu Öndər Heydər Əliyevin elmə və təhsilə verdiyi yüksək dəyəri xüsusi vurğulayıb.

İsmayıl Hacıyev çıxışında Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəyə də toxunub. Qeyd olunub ki, dövlət başçısı həmin müsahibəsində Azərbaycanda elmin inkişafının prioritet istiqamətlərindən danışaraq alimlərin fəaliyyətinin beynəlxalq elmi bazalarda daha geniş təmsil olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, elmi tədqiqatların nəticələrinin “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi platformalarda dərc olunması ölkənin elmi potensialının dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İsmayıl Hacıyev çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən bəhs edərək qeyd edib ki, qurum 27 mart 1945-ci ildə təsis olunub. O, Azərbaycan Milli Elmlər Akademiyasının ilk yubileyinin məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etdiyini diqqətə çatdırıb. Akademiyanın inkişaf mərhələləri barədə İsa Həbibbəylinin elmi yanaşmalarına toxunan akademik, bu inkişafın cəmiyyətin tərəqqisi ilə sıx bağlı olduğunu vurğulayıb. Eyni zamanda AMEA Naxçıvan Bölməsinin fəaliyyəti haqqında məlumat verərək, bu günədək bölmə tərəfindən 12 mindən artıq elmi əsərin nəşr olunduğunu bildirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev çıxışında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ölkənin elmi və ictimai həyatına mühüm töhfələr verib. O, institutun fəaliyyət istiqamətlərindən bəhs edərək Naxçıvanın toponimikası, dialekt və şivələri, eləcə də folklorunun uzun illər ərzində hərtərəfli araşdırıldığını diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev isə qeyd edib ki, institutda orta əsrlər və müasir tarix istiqamətində geniş tədqiqatlar aparılır. O, həmçinin institutun fəaliyyəti dövründə Dalmatəpə və Ubeyd mədəniyyətlərinin aşkar olunmasının mühüm elmi nailiyyətlərdən biri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, fond 8 aprel 2005-ci il tarixində fəaliyyətə başlayıb. İlk mərhələdə əlyazmaların toplanması həyata keçirilib, sonrakı dövrdə isə onların kataloqlaşdırılması, gigiyenik qorunması və bərpası istiqamətində mühüm işlər görülüb.

Konfrans çərçivəsində elm və təhsilin inkişafı, milli elmi potensialın gücləndirilməsi və əldə olunan nailiyyətlərin cəmiyyətin tərəqqisinə töhfəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.