Naxçıvanda Beynəlxalq Quşlar Günü qeyd olunub -

Naxçıvanda Beynəlxalq Quşlar Günü qeyd olunub - FOTO

02 Aprel 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekokönüllülərinin iştirakı ilə Araz Su Anbarı ətrafında 01 aprel-Beynəlxalq Quşlar Günü ilə bağlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilk olaraq ekokönüllülərə Beynəlxalq Quşlar Gününün qeyd edilməsinin məqsədi və əhəmiyyəti haqqında geniş məlumat verilib.

Daha sonra könüllülər binokllar vasitəsilə ərazidə mövcud olan müxtəlif ornitofauna növlərini müşahidə ediblər. Bu müddət ərzində onlara müxtəlif quş növləri, onların həyat tərzi, mühafizəsinin vacibliyi və ekosistemdəki rolu haqqında danışılıb.

25-dən çox könüllünün iştirak etdiyi tədbirin əsas məqsədi quşların qorunması və mühafizəsi mövzusunda gənc nəslin maarifləndirilməsi, həmçinin ictimaiyyətin ekologiyaya olan diqqətinin artırılmasıdır.


Xatırladaq ki, vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i “Beynəlxalq Quşlar Günü” kimi qeyd olunur. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.