Həkim: Mövsüm keçidi sağlamlıq üçün müəyyən risklər yaradır
Qışdan yaza keçid dövrü insan orqanizmi üçün adaptasiya mərhələsi hesab olunur. Bu dövrdə immun sisteminin zəifləməsi müxtəlif xəstəliklərin yaranma riskini artırır.
Mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində həkim Esmira Qoçəliyeva bildirib ki, mövsüm dəyişikliyi zamanı insanların ən çox etdiyi səhvlərdən biri orqanizmin həssaslığını nəzərə almamalarıdır.
O deyib ki, insanlar qalın geyimdən birbaşa nazik geyimə keçirlər. Bu isə xüsusilə müqaviməti zəif olan orqanizmlərdə qrip, zökəm, pnevmoniya və digər tənəffüs yolu xəstəliklərinin yaranmasına şərait yaradır.
Həkimin sözlərinə görə, yaz aylarında ən çox rast gəlinən xəstəliklər arasında qrip, zökəm, angina və ağciyər xəstəlikləri üstünlük təşkil edir. Bu xəstəliklər əsasən immun sisteminin zəifləməsi fonunda yaranır və hava-damcı yolu ilə yayılır.
O, allergik reaksiyaların da bu dövrdə artdığını vurğulayıb:
— Allergiya orqanizmin yad maddələrə qarşı həddindən artıq həssas reaksiyasıdır. Toz, hava və qida faktorları bu vəziyyəti yarada bilər. Çox vaxt allergiya ilə qrip əlamətləri bir-biri ilə qarışdırılır. Qrip virus mənşəlidir və yüksək hərarət (38–39°C), halsızlıq, əzələ və oynaq ağrıları, baş ağrısı, quru öskürək, bəzən isə burun axması ilə özünü göstərir. Allergiya isə virus deyil, davamlı asqırma, şəffaf burun axması, gözlərdə qaşınma və qızartı, burun tutulması, bəzən isə dəri səpkiləri ilə müşahidə olunur.
Mütəxəssis mövsüm keçidini daha sağlam keçirmək üçün bir sıra vacib qaydaları sadalayıb. Onun sözlərinə görə geyimdə tələsməyin, hava dəyişkən olduğu üçün qat-qat geyinmək daha təhlükəsizdir. Şəxsi gigiyenaya əməl edin, əllərin tez-tez yuyulması yoluxma riskini azaldır. Xəstə insanlarla təmasdan uzaq durun, xüsusilə qapalı məkanlarda diqqətli olun. Riskli mühitlərdə profilaktik məqsədlə maska istifadə edin. Özbaşına dərman qəbul etməyin, həkim məsləhəti olmadan dərman istifadəsi xəstəliyi ağırlaşdıra bilər.
Müsahib vurğulayıb ki, xüsusilə uşaqlar və yaşlı insanlar bu qaydalara daha ciddi riayət etməlidirlər.
Həkimin sözlərinə görə, immunitetin qorunmasında əsas amil düzgün və balanslı qidalanmadır. Qida rasionunda zülallar, karbohidratlar, yağlar, vitaminlər və mineral maddələr kifayət qədər olmalıdır.
Alma, portağal, mandarin, xurma kimi meyvələrin qəbulu faydalıdır. Gün ərzində 2–3 litr su qəbul edilməli, qidalanma ən azı 3 dəfə təşkil olunmalıdır. Səhər yeməyi ümumi rasionun təxminən 30%-ni, günorta 50%-ni, axşam isə 20%-ni təşkil etməlidir.
Zərərli və keyfiyyətsiz qidalardan uzaq durmaq vacibdir. Bəzi hallarda həkim məsləhəti ilə vitamin preparatlarından istifadə də faydalı ola bilər.
Esmira Qoçəliyevanın sözlərinə görə, uşaqlar və yaşlı insanlar bu dövrdə daha həssas qrup hesab olunur. İmmun sistemi zəif olduğu üçün bu şəxslər xəstəliklərə daha tez yoluxurlar.
Bu səbəbdən onlar daha diqqətli qorunmalı, xəstə insanlardan uzaq saxlanmalı və kifayət qədər maye qəbul etməlidirlər. Xüsusilə yaşlı insanlar üçün zəruri hallarda izolyasiya tədbirləri də nəzərə alınmalıdır.
Müsahibəni hazırladı:
Nəzrin Umay








