Qida ilə birlikdə maye qəbul etmək düzgündürmü? – Mütəxəssis açıqlayır
Gündəlik qidalanma zamanı qida ilə birlikdə maye qəbulunun düzgün olub-olmaması tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs yemək zamanı su və ya digər içkilərin qəbulu həzm prosesinə necə təsir edir?
Sağlam qidalanma üzrə mütəxəssis, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında bildirib ki, insanların gündəlik maye qəbulu əsasən su və ayrandan ibarət olmalıdır.
Onun sözlərinə görə, maye qəbulu insanın çəkisinə uyğun hesablanmalıdır:
"Ümumiyyətlə, hər kiloqram çəkiyə görə təxminən 0.030 litr maye qəbulu nəzərdə tutulur. Yaxşı olar ki, bu maye səhər ac qarına, yeməkdən əvvəl və yeməkdən 35–40 dəqiqə sonra qəbul edilsin".
Kifayət qədər maye qəbul edilmədikdə insanlar yemək zamanı ağız quruluğu və çeynəmə çətinliyi səbəbindən əlavə maye qəbul etməyə ehtiyac duyurlar. Mütəxəssis bu zaman qəbul edilməməli içkiləri sadalayıb:
Maye şəkərli və qazlı içkilərin içilməsi tövsiyə edilmir. Sadə su və ya ayran seçilməsi daha məqsədəuyğundur. Əgər yemək zamanı maye qəbul ediləcəksə, bu az-az və qurtum-qurtum şəkildə olmalıdır. Bu, qidanın həzmini asanlaşdırır".
Məhsəti Hüseynovanın sözlərinə görə, yeməklə birlikdə kompot, qazlı və rəngli içkilərin qəbul edilməsi həzm prosesinə mənfi təsir göstərə bilər:
"Belə içkilər şişkinliyə səbəb olur və həzmi çətinləşdirir. Xüsusilə çox miqdarda qəbul edildikdə mədə turşusunu zəiflədir. Bu isə qidaların tam həzm olunmamasına, şişkinlik, köp, qaz və ağrı kimi problemlərə gətirib çıxara bilər".
Müsahib qeyd edib ki, qida zamanı müxtəlif mayelərin – su, ayran, kompot, şəkərli və qazlı içkilərin qarışıq şəkildə qəbul edilməsi mədənin pH səviyyəsini dəyişə bilər.
"Bu halda mədə turşusunun balansı pozulur və qidaların həzm olunması prosesi zəifləyir. Nəticədə gələcəkdə mədə-bağırsaq sistemində pozuntular və maddələr mübadiləsində problemlər yarana bilər", – deyə o vurğulayıb.
"Mədə problemi olmayan və sağlam qidalanmaya diqqət yetirən şəxslər qida ilə maye qəbulunu mümkün qədər azaltmalıdırlar. Maye qəbul ediləcəksə, bunun sadə su və ya ayran olması tövsiyə olunur. Əks halda zamanla mədə-bağırsaq sisteminin fəaliyyətində pozulmalar yarana bilər və bəzi qidalara qarşı həssaslıq formalaşa bilər. Belə hallarda xüsusilə yağlı və ağır qidalar, eləcə də ətli yeməklər qəbul edildikdə diskomfort hissi daha da artır”, – deyə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri bildirib.
Müsahibəni hazırladı:
Nəzrin Umay









