Teatr dünyaya  pəncərədir

Teatr dünyaya pəncərədir

10 Mart 2026

Bu gün Azərbaycan mədəniyyətinin  vacib sahəsi olan milli peşəkar teatrın yaranması günüdür. Xalqımızın teatr sənətinin tarixi  min illiklərə dayansa da, peşəkar teatr məhz 1873-cü il martın 10-da M. F. Axundovun “Lənkəran xanın vəziri” komediyası ilə həyata vəsiqə alıb. Bundan sonra ziyalılar tərəfindən getdikcə inkişaf etdirilən bu sənət təkcə paytaxt Bakıda deyil, bölgələrdə də özünü göstərməyə başladı. Naxçıvanda isə ilk peşəkar teatr 1883-cü ildə ilk oyununu tamaşaçılara təqdim etdi: M.F. Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah ” komediyası ilə.  

“ Naxçıvan Teatrı köklü əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan Teatrı böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənələri bu gün də qoruyub saxlayır... Mən “Ölülər” pyesinin tamaşasını ilk dəfə 13 yaşımda, Naxçıvan Dram Teatrında görmüşəm və o vaxtdan onun təsiri altındayam. Şeyx Nəsrullah, Keyfli İsgəndər və  Şeyx Əhməd obrazları indi də gözümün qabağındadır”. Bu ifadələrin müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Bu dahi şəxsiyyət ölkə həyatının bütün sahələri ilə yanaşı teatrı da daim diqqətdə saxlayırdı. Azərbaycan teatrları sırasında Naxçıvan teatrı onun üçün xüsusi ilə doğma idi. Çünki, uşaqlıq və yeniyetməlik illərində bu teatrın tamaşalarına baxmaqla yanaşı, hətta  Naxçıvan teatrının rejissor və aktyoru İbrahim Həmzəyevin dram dərnəyində fəal iştirak edirdi. Məhz elə bunun nəticəsi idi ki, sənəti və teatrı sevir, onun inkişafı üçün əlindən gələni əsirgəmirdi.

 1990-cı ildə Naxçıvanda olarkən, onu ziyarətə gələn teatrın əməkdaşları ilə görüşdə Ulu Öndər bildirmişi ki, elə tamaşa var ki, onu əzbər bilirəm. Hətta bəzilərinə 4-5 dəfə baxmışam. O zamanlar teatr ən maraqlı yer idi. Hətta mən yeniyetmə olanda İbrahim Həmzəyevin oynadığı rollara çox maraqla baxırdım. Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım. Bu mənə sonralar yaxşı təsir etdi.

 Naxçıvan teatrı ulu öndər Heydər Əliyev üçün sənət məbədi deyil, həm də bir məktəb qədər dəyərli idi. Etiraf edək ki, onun diqqət və qayğısı həmişə Azərbaycan teatrı, kinosu və musiqisini geniş şəkildə əhatə edirdi.

Bu gün də Naxçıvan teatrı milli teatr ənənələrinə sadiq qalmaqla müasir dünyanın sənət tələblərinə cavab verən tamaşalar hazırlayır. Yeni yaranan üslublar, janrlar son illər Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində uğurla təqdim edilir. Nəticədə isə mədəniyyətin inkişafı ilə yanaşı, tamaşaçı zövqünün formalaşması, mədəni mühitə adaptasiya çox sürətlə gedir. Bunu son illər teatra gələn tamaşaçıların sayının artması da göstərir. Teatr bir mədəniyyət ocağı, sənət məbədidir, onun tərəqqisi  həm də ədəbiyyatın, rəssamlığın, musiqinin  inkişaf etməsi, çağdaş dünyaya ən yaxşı inteqrasiyanın nümunəsi sayıla bilər.

Peşə bayramınız mübarək, dəyərli teatr camiəsi.

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti