Naxçıvanda su anbarlarında mövcud vəziyyət açıqlanıb
Naxçıvan Muxtar Respublikasında son dövrlərdə müşahidə olunan yağıntılar su ehtiyatlarının tədricən artmasına səbəb olur.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı İsmayıl Abbasov bildirib.
Onun sözlərinə görə, 2025-ci il əsasən quraqlıq ili kimi yadda qalsa da, ilin sonlarından etibarən dağlıq və dağətəyi ərazilərə yağan qar su ehtiyatlarının bərpasına müsbət təsir göstərib. Bu yağıntılar çayların qidalanmasına və su anbarlarına suyun yığılmasına şərait yaradaraq su təminatının yaxşılaşmasına imkan verir.
İsmayıl Abbasov qeyd edib ki, 2025-ci ilin 31 mart tarixinə muxtar respublikada ümumi su ehtiyatları 210 milyon 200 min kubmetr təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 165 milyon 150 min kubmetr olub.
Müsahibədə o da vurğulanıb ki, son günlər yağan yağışlar və qar örtüyünün mərhələli əriməsi çaylarda axımı artıraraq su anbarlarında ehtiyatların yüksəlməsinə şərait yaradır.
İsmayıl Abbasovun sözlərinə görə, 31 mart 2026-cı il tarixinə Heydər Əliyev su anbarında 33 milyon 70 min kubmetr su ehtiyatı mövcuddur. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin 1 dekabr tarixində bu göstərici 14 milyon 750 min kubmetr təşkil edirdi.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









