Sərhədçilər soyqırımı qurbanlarının xatirəsini yad ediblər
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, tədbirlər çərçivəsində soyqırımı qurbanlarının, eləcə də Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxışlarda erməni silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş kütləvi qırğınların miqyası, qəddarlığı və faciəli nəticələri barədə ətraflı məlumat verilib, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə dinc azərbaycanlının amansızlıqla qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması, xalqımızın zəngin mədəni irsinin məhv edilməsi barədə faktlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, həmin faciələr yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsini təşkil edir.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə aparılan ardıcıl siyasət Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə sistemli tədbirlər görülür.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş “Unudulmayan tarix” sənədli filmi nümayiş etdirilib, DSX-nin inzibati binasında fəaliyyət göstərən “Siyasi Repressiya Qurbanları Muzeyi”nə ekskursiya təşkil edilib.








