Naxçıvanda uşaq və yeniyetmələr arasında çempionatın yüksək səviyyədə təşkili təmin olunub

Naxçıvanda uşaq və yeniyetmələr arasında çempionatın yüksək səviyyədə təşkili təmin olunub

27 Mart 2026

27 mart 2026-cı il tarixində AFFA tərəfindən təşkil olunan 2025–2026-cı il mövsümünün futbol üzrə Azərbaycan çempionatının Naxçıvan zonası üzrə U-10, U-11, U-12, U-13 və U-14 yaş qrupları arasında yarışlara başlanılıb.

Naxçıvan Futbol Federasiyasının koordinatoru Sərvin Heydərov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, çempionatda 34 komanda iştirak edir və oyunlar Uzunoba TMB, Ordubad və Şərur OİK stadionlarında keçirilir. Onun sözlərinə görə, müxtəlif yaş qrupları üzrə ümumilikdə 110 oyunun təşkili nəzərdə tutulub və yarışlarda 600-ə yaxın uşaq və yeniyetmə mübarizə aparır.

Koordinator qeyd edib ki, çempionat AFFA-nın təsdiq etdiyi əsasnaməyə uyğun keçirilir. Sərvin Heydərov vurğulayıb ki, yarışın sonunda U-13 və U-14 yaş qruplarının qalibləri Bakı şəhərində keçiriləcək Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanaraq muxtar respublikanı təmsil edəcəklər.

S.Heydərov əlavə edib ki, oyunlar yerli hakimlər tərəfindən idarə olunur, çempionatın səmərəli təşkili üçün stadionlar hazır vəziyyətə gətirilib, maarifləndirmə işləri aparılıb və futbolçuların lisenziyalaşdırılması prosesi tamamlanıb. O, həmçinin bildirib ki, yarışlar zamanı təhlükəsizlik və sağlamlıq məsələləri tam təmin olunub.

Qeyd edək ki, çempionatın 12 aprel 2026-cı il tarixində yekunlaşması planlaşdırılır.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov