Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb
Bu ilin yanvar-fevral ayında Azərbaycanda emal sənayesində 4,5 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.
Ötən iki ayda əczaçılıq məhsullarından 1 milyon 924 min manat dəyərində dərmanlar, 1,3 milyon ədəd tibbi maska istehsal edilib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ərzində ölkə əhalisi əczaçılıq məhsularına və tibbi ləvazimatlara 289,7 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 25,9 faiz çoxdur.
Hesabat dövründə Azərbaycana 88 milyon ABŞ dolları dəyərində 2,6 min ton əczaçılıq məhsulları idxal olunub ki, bu da illik müqayisədə dəyər baxımından 3%, kəmiyyət baxımından isə 35,3% azdır. Azərbaycandan xarici bazarlara isə 623 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 19,7 faiz çoxdur.
Onu da bildirək ki, Azərbaycana tibbi maskalar, əsasən, Türkiyədən idxal olunur. Təkcə yanvar ayında Türkiyədən Azərbaycana 30 000 ədəd tibbi maska gətirilib. Dərman vasitələri isə əsasən, Türkiyə, Rusiya, Almaniya və digər Avropa ölkələrindən idxal olunur.








