Şöbə rəisi: Naxçıvanda 3 aya 1,7 km su-kanalizasiya xətti çəkilib
Naxçıvan Şəhər Sukanal İdarəsinin müraciətlərin qəbulu və işin təşkili şöbəsinin şöbə rəisi İnci Əliyeva "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, hazırda şəhərdə istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulub, bu sahədə müasir infrastruktur yaradılıb. Qəza halları istisna olmaqla əhaliyə suyun verilməsində fasilələr yaranmır. İdarə tərəfindən əhaliyə verilən suyun tənzimlənməsi işləri yüksək səviyyədə həyata keçirilir. Suyun davamlılığının təmin olunması üçün mütəmadi olaraq su xətlərinə baxış keçirilir, nasazlıqlar vaxtında aradan qaldırılır.
Onun sözlərinə görə, intensiv yağışların yağması ilə əlaqədar olaraq subasma hadisələrinin baş verməməsi üçün yağış kollektorları və kanalizasiya quyuları idarə əməkdaşları tərəfindən mütəmadi olaraq təmizlənir və işlək vəziyyətə gətirilir. Naxçıvan şəhər ərazisində son 3 ay ərzində 215 ədəd kanalizasiya baxış quyusu təmizlənib.
Şöbə rəisi görülən işlər barədə məlumat verib:
"Su təchizatı ilə bağlı olaraq Naxçıvan şəhər ərazisində magistral xətlərdə quraşdırılmış siyirtmə, təzyiqqırıcı və vantuzlar təmir edilib və yenisi ilə əvəz olunub. Magistral xətlərdə və ev bağlantılarında qəzaların baş verməsinin qarşısını almaq məqsədilə Qaraxanbəyli kəndi və 10-cu küçə ərazisində yerləşən 2 ədəd qırıcı təmir olunub. İçməli su şəbəkəsi üzərində 4 ədəd siyirtmə dəyişdirilib, 6-sı təmir olunub və 1 yeni siyirtmə quraşdırılıb".
Eyni zamanda, Naxçıvan–Şahbuz magistral yolunun 1-ci kilometrliyində Naxçıvan şəhərini qidalandıran magistral xətt üzərində şəhərə daxil olan içməli suyun dəqiq hesablanması üçün 1 ədəd sayğac kamerası tikilib, "Ultraflo 2000" və "Endreshauser" markalı sayğaclar quraşdırılıb. Əhalinin içməli su ilə təmin olunması məqsədilə texniki şərtlər əsasında son 3 ay ərzində 763 metr su təchizatı və 955 metr kanalizasiya xətti çəkilib.
Müsahib qeyd edib ki, Naxçıvan şəhər Sukanal idarəsinin nəzdində fəaliyyət göstərən içməli su təmizləyici qurğular kompleksində suyun keyfiyyətinin artırılması məqsədilə kartuş filtrlər dəyişdirilib, siyirtmələrə baxış keçirilib. Emal qurğular kompleksində su mənbəyində selə qarşı mübarizə tədbirləri həyata keçirilir və daim nəzarətdə saxlanılır. Bununla yanaşı, çirkab su təmizləyici qurğular kompleksində də profilaktik tədbirlər görülür, ekoloji təmizliyin daha da yaxşılaşdırılması üçün avadanlıqlara baxış keçirilir və mövcud nasazlıqlar aradan qaldırılır.
"Əməkdaşların operativ fəaliyyəti nəticəsində intensiv yağışlar zamanı həyətyanı ərazilərdə subasma halları baş verməyib. Əhalinin su təminatında problemlərin yaranmaması üçün Naxçıvan şəhər Sukanal idarəsi tərəfindən bayram və qeyri-iş günlərində də 24 saat fasiləsiz xidmət göstərilir",– deyə o qeyd edib.
Müsahibəni hazırladı:
Nəzrin Umay








