Şöbə müdiri: Naxçıvanda bağçılıq sahəsi üzrə ayrılan əkin subsidiyasının məbləği 21 min manata çatır
"Fermerlər dövlət dəstəyindən müxtəlif istiqamətlər üzrə yararlanırlar. Onlar həm məhsul və əkin subsidiyaları, həm də dövlətin təqdim etdiyi digər dəstək mexanizmlərindən, o cümlədən texnika və güzəştli kredit sistemindən faydalanırlar".
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov səsləndirib.
O bildirib ki, fermerlər həm məhsul və əkin subsidiyalarından, həm də dövlətin təqdim etdiyi digər dəstək mexanizmlərindən, o cümlədən texnika və güzəştli kredit sistemindən faydalanırlar.
Nazirlik rəsmisi dövlət tərəfindən tətbiq olunan güzəşt mexanizmlərinə də toxunub. Onun sözlərinə görə, texnika – traktorlar, müasir suvarma sistemləri və digər avadanlıqlar üzrə "20/40/40" sistemi tətbiq olunur. Bu çərçivədə fermer ilkin olaraq 20 faiz ödəniş edir, 40 faiz dövlət tərəfindən qarşılanır, qalan 40 faiz isə müəyyən müddətə aşağı faizlə maliyyələşdirilir.
Həmçinin o vurğulayıb:
"Heyvandarlıq sahəsində də fermerlər üçün 60 faizə qədər güzəştlər nəzərdə tutulur. Hər il Aqrar Subsidiya Şurası tərəfindən əkin subsidiyalarının təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul olunur və bu sahədə mexanizmlər davamlı şəkildə yenilənir".
M. Zeynalov qeyd edib ki, subsidiyalar bölgələr üzrə fərqli yanaşma əsasında tətbiq edilir və Naxçıvana xüsusi güzəştlər olunur:
"Belə ki, bağçılıq sahəsi üzrə ayrılan əkin subsidiyası intensiv alma bağına münasibətdə Qubada 11 min manat təşkil etdiyi halda, Naxçıvanda bu göstərici 21 min manata çatır. Ümumilikdə muxtar respublika üzrə daha yüksək subsidiya əmsalı tətbiq olunur. Hazırda bölgədə 1800 hektardan artıq sahədə yazlıq əkin aparılır. Əkin sahələrinin əsas hissəsini taxıl və tərəvəz məhsulları təşkil edir, əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Yağıntıların bol keçməsi isə əkin sahələrinin vəziyyətinə müsbət təsir göstərir", – deyə müsahib qeyd edib.
Müsahibəni hazırladı:
Nəzrin Umay








