Vüqar Gülməmmədov: "Bu il dövlət qurumları geniş auditdən keçiriləcək"
Bu il Hesablama Palatası ümumilikdə 45 audit keçirməyi nəzərdə tutur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, planlaşdırılan auditlər təhsil və səhiyyə müəssisələrini, Qarabağ və su təsərrüfatında investisiya layihələrini, dövlət satınalmalarını, eləcə də büdcədənkənar dövlət fondlarını əhatə edəcək.
Sədr əlavə edib ki, hesabat dövründə ümumilikdə 48 nəzarət tədbiri planlaşdırılıb, onların 47-si başa çatdırılıb, 1 auditin nəticələri isə növbəti ilə keçirilib: "Bu tədbirlərdən 3-ü "Dövlət sirri haqqında" qanuna uyğun olaraq məxfi rejimdə həyata keçirilib. Dövlət büdcəsi ilə bağlı izahat sənədlərinin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, büdcə zərfinə daxil olan izahatların həcmi 30 səhifədən 50–55 səhifəyədək yüksələrək 60 %-dən çox artım göstərib. Sənədlərdə makrofiskal risklər, alternativ ssenarilər və proqnoz göstəriciləri daha geniş əks olunmağa başlayıb. Bununla yanaşı, dövlət maliyyə hesabatlılığında mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində də irəliləyiş əldə olunub. İcmal büdcədə 1 milyard manatdan çox gəlirin təkrar uçotu aradan qaldırılıb, büdcə hesabatlılığında 1 milyard manatdan, maliyyə hesabatlarında isə 2 milyard manatdan çox təhriflər düzəldilib".
V.Gülməmmədov qeyd edib ki ki, 100 milyon manatdan çox tanınmayan gəlir dövlət büdcəsinin gəlirlərinə daxil edilib: "Bu vəsaitlər əsasən depozit və tapşırıq hesabları üzrə müəyyən edilib. Qurumda insan resurslarının inkişafı istiqamətində də irəliləyiş var. Belə ki, əməkdaşlar tərəfindən audit və mühasibat uçotu sahəsində əldə olunan sertifikatların sayı 77-yə çatıb, beynəlxalq sertifikatlı əməkdaşların payı isə ümumi heyətin təxminən 25 %-ni təşkil edir".
Onun sözlərinə görə, son illər ilk dəfə olaraq ştat vahidlərinin tutulma səviyyəsi 90 %-i ötüb, kadr axını göstəricisi isə 10 %-dən aşağı səviyyədə saxlanılıb: "Üstəlik, Hesablama Palatasının maliyyə göstəricilərində də artım qeydə alınıb. Belə ki, qurumun aktivləri 6,2 milyon manatdan 7,1 milyon manata yüksəlib. 2025-ci ildə fəaliyyət üçün 11,6 milyon manat vəsait nəzərdə tutulub, 9,9 milyon manat kassa icrası həyata keçirilib".








