Naxçıvanda tələbələr arasında futzal birinciliyi keçirilir - FOTO
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə birinciliyə start verilib. Turnirin oyunları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində (NHK) keçirilir. Yarışda ümumilikdə 7 komanda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Reqlamentə əsasən, birincilik dairəvi sistem üzrə 7 turdan ibarətdir. İlkin mərhələnin yekununda turnir cədvəlində ilk dördlükdə qərarlaşan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Daha sonra keçiriləcək final və üçüncülük oyunları ilə qalib və mükafatçılar müəyyənləşəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Hərbi Kollecinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və istedadlı idmançıların üzə çıxarılmasıdır.
Yarışın ilk turunda aşağıdakı nəticələr qeydə alınıb:
Naxçıvan Müəllimlər İnstitutu – Hərbi Lisey 7:4
Naxçıvan Musiqi Kolleci – Naxçıvan Tibb Kolleci 1:7
Naxçıvan Dövlət Texniki Kolleci – Naxçıvan Dövlət Universiteti 1:12













