Naxçıvanda “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib

Naxçıvanda “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib - FOTO

10 Aprel 2026

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında qurumlararası II “GİNius”  intellektual yarışının növbəti mərhələsi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  Naxçıvan Şahmat Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

27 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birinci yerə layiq görülüb. Naxçıvan MR Daxili İşlər Nazirliyi ikinci, Naxçıvan Baş Gömrük İdarəsi isə üçüncü pillədə qərarlaşıblar. 

Qalib komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.