Umayra Tağıyeva: "Hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sistemi gücləndiriləcək"

Umayra Tağıyeva: "Hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sistemi gücləndiriləcək"

10 Aprel 2026

Azərbaycanda iqlim məlumatlılığının artırılması, çox təhlükəli hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sisteminin gücləndirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün Bakıda keçirilən Birləşmiş Millərlər Təşkilatının (BMT) Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, layihəni Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı icra edəcək: "Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı Azərbaycanda iqlimə davamlı şəhər və icmaların yaradılması layihəsinin həyata keçirilməsini planlaşdırır. Bununla yanaşı, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda həyata keçirilməsini nəzərdə tutduğu "Kənd təsərrüfatı sektorunda istixana qazı emissiyalarının azaldılması, davamlılığın, ərzaq və qida təhlükəsizliyinin təşviqi məqsədilə iqlimə davamlı təcrübələrin tətbiqi, o cümlədən ərzaq itkisi və qida tullantılarının qarşısının alınması və azaldılması" adlı layihə hazırda dövlətdaxili prosedur mərhələsindədir".