ADB Naxçıvanın dəmir yolu infrastrukturuna investisiya yatırmağa hazırdır

ADB Naxçıvanın dəmir yolu infrastrukturuna investisiya yatırmağa hazırdır

10 Aprel 2026

Asiya İnkişaf Bankı (ADB) Naxçıvanda layihələrin maliyyələşdirilməsinə maraq göstərir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Asiyanın İnkişaf Perspektivləri" (Asian Development Outlook, ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, Naxçıvan Azərbaycanın vacib bir hissəsidir: "Dəmir yolu əlaqəsinin inkişafı ilə bağlı (Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacaq - red.) bizə hələ ki müraciət edilməyib, lakin biz Naxçıvana investisiya yatırmağa çox maraq göstəririk. Hesab edirəm ki, bu, regionun iqtisadi inkişafı üçün vacibdir. Orada böyük potensial var və ümid edirəm ki, biz bunu ölkə proqramımız çərçivəsində müzakirə edə biləcəyik. Çünki bu layihəyə böyük maraq göstəririk".

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Naxçıvan Muxtar Respublikasında 10 dəmir yolu stansiyasının yenidən qurulmasını planlaşdırır. Muxtar respublikada dəmir yolu xəttinin uzunluğu 194,1 km təşkil edir. Bütün marşrut boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpünün, 4 tunelin və 12 qalereyanın inşası nəzərdə tutulur.

Naxçıvanın dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya ediləcək, bu da Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəni təmin edəcək. Bundan əlavə, marşrut Orta Dəhlizin və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm seqmentinə çevrilərək Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.