Dövlət Xidməti hərbi və mülki işə qəbul üzrə müsabiqə elan edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanına buraxılırlar və onların siyahısı (DİM) təqdim olunur.
Həmin vətəndaşlar test imtahanında iştirak etmək üçün DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet”lərini yaratmalıdırlar . Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün aprelin 13-ü saat 15:00-dan aprelin 22-si saat 18:00-dək DİM-in internet saytında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Test imtahanı mayın 1-də DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı imtahana bir neçə gün qalmış DİM-in saytından çap edə biləcəklər.
Həqiqi hərbi xidmətə və mülki işə qəbul olunmaq istəyənlər bu linkə keçərək qaydalarla maraqlana bilərlər.








