Mikael Silkeberg: Naxçıvan canlı bir arxiv, insan sivilizasiyasının qədim beşiyidir
İsveçli rejissor və ssenarist Mikael Silkeberg Naxçıvanda həyata keçirdiyi yeni yaradıcılıq layihələri və təəssüratları ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.
Muxtar respublikaya artıq üçüncü dəfə səfər etdiyini bildirən rejissor, hər gəlişində bu diyarın yeni qatlarını kəşf etdiyini vurğulayıb. O, Naxçıvanla tanışlığının "Nuhun ayaq izləri" sənədli filmi ilə başladığını qeyd edərək deyib:
"Həmin filmdə mən Naxçıvanı canlı bir arxiv kimi göstərməyə çalışdım. Əlincəqala, Gəmiqaya, Əshabi-Kəhf kimi qədim məkanlar, eləcə də Hüseyn Cavid və Bəhruz Kəngərli kimi şəxsiyyətlərin irsi bu bölgənin nə qədər dərin intellektual bazaya malik olduğunu sübut edir."
Hazırda "Yaddaşda yaşayan Vətən" adlı yeni sənədli film üzərində işlədiyini qeyd edən M. Silkeberg, bu ekran əsərinin məcburi köçkünlük yaşamış azərbaycanlıların mədəni irsinə həsr olunduğunu bildirib.
Naxçıvanın bu film üçün təbii bir məkan olduğunu deyən rejissor, burada Yallı rəqsi, milli mətbəx nümunələri, Aşıq Ələsgər və Mirzə Qədim İrəvaninin irsi ilə bağlı çəkilişlər apardıqlarını diqqətə çatdırıb.
Mikael Silkeberg insanların doğma torpaqlarından ayrı düşsələr belə, mədəniyyətin yaddaşda necə qorunub saxlanıldığını araşdırdığını vurğulayıb:
"Coğrafiya dəyişsə də, mədəniyyət dildə, musiqidə və jestlərdə yaşayır. Bir rejissor kimi məqsədim beynəlxalq auditoriyaya Azərbaycanı yalnız xəbər başlıqları ilə deyil, onun dərin insan hekayələri və universal dəyərləri ilə tanıtmaqdır."
Skandinaviya ilə Azərbaycan arasında təbii bir bənzərlik olduğunu hiss etdiyini deyən qonaq, hər iki regionda landşaft, yaddaş və kimliyin sıx bağlı olduğunu bildirib. O, bu filmin Skandinaviya və Azərbaycan arasında yeni bir mədəni körpü rolunu oynayacağına ümidvar olduğunu qeyd edib.
Sonda M. Silkeberg Naxçıvanda yaradılan səmimi şəraitə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Müsahibəni hazırladı:
Nəzrin Umay








